Zəfər Günü – Azərbaycan xalqının tarixi ədaləti və dövlətimizin suverenliyini bərpa etdiyi, eyni zamanda milli birliyin, vətənpərvərliyin və vətəndaş məsuliyyətinin hiss olunduğu gündür. 

Azərbaycan Respublikasının Vəkillər Kollegiyasının üzvü, "Üfüq Xeyriyyə” Cəmiyyəti İctimai Birliyinin sədri Nuriyyə Abbasova QHT.az-a Zəfər Günü, Vətənpərvərlik, xalq-iqtidar birliyi və QHT sektorunun rolu ilə bağlı QHT.az -a açıqlama verib. Onun sözlərinə görə, Zəfər Günü bizim milli qürur və şərəf günümüzdür:

"Bu, 30 illik həsrətə son qoyan, ədalətin bərpa olunduğu, şəhidlərimizin qanının yerdə qalmadığını təsdiqləyən, tarixi yaddaşımızın bərpasının rəmzidir. Bu gün, hər bir azərbaycanlının sinəsini qürurla qabardan, gələcəyə daha inamla baxmağa ilham verən mənəvi bir dirçəlişdir. Bu günün rəsmi şəkildə qeyd olunması xalqımızın tarixi yaddaşının qorunması, Qalib Azərbaycan obrazının möhkəmlənməsi və gələcək nəsillərə ötürülməsi baxımından müstəsna əhəmiyyətə malikdir. 8 Noyabr müstəqilliyimizin və ərazi bütövlüyümüzün rəmzidir".

QHT sədri həmçinin bildirib ki, qələbəmizin əsas sütunlarından biri məhz xalq-iqtidar birliyi olmuşdur:

"Xalq-iqtidar birliyi Zəfərin əsas, bəlkə də ən həlledici amili idi. Bu birlik, hərbi-siyasi kursun dəstəklənməsində və cəbhə arxasının möhkəmləndirilməsində özünü göstərdi. Xalq öz Liderinə, Orduya və Dövlətə tam güvənərək, istər könüllülük, istərsə də informasiya müharibəsində tam səfərbər oldu. Bu, düşmənə və beynəlxalq ictimaiyyətə Azərbaycanın bütövlükdə məqsədinə bağlı olduğunu sübut etdi. Bütün cəmiyyət vahid amal uğrunda bir yumruq kimi sıx birləşdi".