Azərbaycan xalqının azadlıq və ədalət uğrunda mübarizəsinin zirvəsi olan 8 Noyabr – Zəfər Günü dövlətimizin gücünü, xalqımızın birliyini və qələbə ruhunu təcəssüm etdirir.
Bu münasibətlə “Yeni Fikir” Jurnalist Həmrəyliyi İctimai Birliyinin sədri, Əməkdar Mədəniyyət İşçisi Elmira Mehdiyeva QHT.az-a açıqlama verib. Onun sözlərinə görə, 2020-ci ilin noyabrın 8-də Azərbaycan əsgəri mədəniyyət mərkəzimiz olan Şuşanı işğaldan azad etdi, həmin gündən sonra işğalçı ağ bayrağını qaldırdı və təslim olduğunu bildirdi:
"Noyabrın 10-da 44 günlük müharibənin başa çatması barədə üçtərəfli müqavilə imzalandı. Xalqımız 30 illik amansız işğaldan sonra düşmənə elə bir dərs verdi ki, bunu yəqin ki, mənfur düşmən tarix boyu unutmayacaq. Cəmi 3 cümlədə ifadə etdiyim bu qələbənin qazanılması o qədər çətin və məşəqqətli dönəmlərdən keçmişdir ki, o dönəmin hər anı, hər saatı üçün cild-cild kitablar yazmaq olaq və o tarix bu gün yazılır da. Bütün qələm əhli onu sətir-sətir yazmağa çalışır ki, gələcək nəsillər oxusun, xalqın başına gəln faciələrdən xəbərdar olsun, bu intiqamın alınması, işğala son qoyulması üçün Azərbaycan oğullarının göstərdikləri qəhrəmanlıqlar unudulmasın".
QHT sədri həmçinin bildirib ki, Qarabağın hər bir guşəsi Azərbaycan xalqı üçün əzizdir, doğmadır, lakin Şuşanın bu qələbədə yeri və rolu tamamilə başqadır. Qarabağ işğal olunan gündən, Şuşaya işğalçının murdar ayağı basılan gündən xalqın sanki bütün nəşəsi əlindən alınmışdı:
"Nə qədər ki, alınmaz qala olan Şuşa düşmən əlində idi sanki mədəniyyətimiz süquta uğramışdı. Haqlını haqsız sayan dünya erməni yalanlarına elə uymuşdu ki, hətta BMT-nin qətnamələrinə belə məhəl qoyulmurdu. ATƏT-in dırnaqarası missiyası da sanki kar və kor idi. Bu missionerləri Qarabağın işğaldan azad edilməsi qətiyyən maraqlandırmırdı. 44 günlük qələbə ilə başa çatan müharibə elə bu təşkilatların da iç üzünü açdı, onların fəaliyyətlərinin yarıtmazlığı ifşa olundu".
Elmira Mehdiyeva vurğulayıb ki, Ali Baş Komandanın rəhbərliyi ilə həyata keçirilən Şuşa əməliyyatı elə dəqiq hazırlanmışdı ki, düşmən qüvvələri gözünü belə aça bilmədi:
"Bu əməliyyat bəşər tarixində olan müharibələrdə adı keçən nadir əməliyyatlardan biri kimi dünya hərb tarixinə öz adını yazdı. Onun dərsləri bu gün dünyanın bir çox hərbi məktəblərində öyrənilir. Yeni və müasir silahlarla gedən döyüşlərdən fərqli olaraq Şuşa əməliyyatı üzbəüz döyüşlə, heç bir silah olmadan, xüsusi təyinatlıların fövqəladə bacarıq və ustalıqları ilə həyata keçirildi. Döyüşçülərimiz burada öz döyüş və qələbə əzmlərinin necə yüksık olduğunu bir daha nümayiş etdirdilər. Şuşaya üçrəngli bayrağımızı sancdılar. Şuşa elə bir ucalıqdır ki, ordan baxanda şanlı tariximizi görürük, ordan baxanda qürurla gələcəyimizi görürük. Şuşasız qələbəni təsəvvür etmək mümkün deyildir. Şuşa 44 günlük müharibədəki qələbənin baş tacıdır. 8 noyabr-Şuşanın işğaldan azad olunduğu günün məna dərinliyin o qədər böyükdür ki, bunu ifadə etmək belə çətindir. Bu, xalqın qisasının mürdar düşməndən alındığı gündür, bu tarixi həqiqətlərin bərpa olunduğu gündür, bu haqqın qələbə çaldığı gündür, bu torpaqlarımızın işğaldan azad olunduğu gündür, bu yeni tarixin ilk sətirlərinin yazıldığı gündür. Qələbən mübarək əziz xalqım, sən o qələbəyə layiqsən, sənin əsgərin müzəffər əsgərdir, tanrı onu qorusun".






