Tariximizin doğru dərk edilməsi və gənc nəslin zərərli təsirlərdən qorunması məqsədilə fəaliyyət göstərən "Tarix sahəsində Maarifləndirməyə Dəstək" İctimai Birliyi 2025-ci ilə böyük hədəflərlə qədəm qoyur. QHT.az birliyin sədri Kənan Məmmədovla müsahibə apararaq, təşkilatın gələcək planlarını və 2024-cü ildəki uğurlarını dəyərləndi.
QHT.az: 2025-ci il üçün əsas hədəfləriniz nədir? Layihələriniz hansı istiqamətləri əhatə edəcək və əsas məqsədiniz nədir?
Kənan Məmmədov: Əsas hədəfimiz daha çox gənci əhatə etməkdir. Gənclərimizi ideoloji təxribatlardan və zərərli xarici təsirlərdən qorumaq üçün ideoloji layihələr həyata keçirəcəyik. Bu istiqamətdə maarifləndirici tədbirlərlə yanaşı, sosial mediada təsirli təbliğat işləri də nəzərdə tutulur.
QHT.az: 2024-cü ildə həyata keçirilən layihələrdən hansı uğurlarınız olub və bunları necə genişləndirmək niyyətindəsiniz?
Kənan Məmmədov: 2024-cü il üçün "Qərbi Azərbaycan" mövzusunda bir sıra tədbirlər təşkil etdik. Bu tədbirlər çərçivəsində müxtəlif dillərə tərcümə olunan audiovizual materiallar hazırladıq. Qarşıda duran əsas məqsədimiz bu layihələrin miqyasını genişləndirmək və daha çox insana çatmaqdır.
QHT.az: Birliyin digər QHT-lər, dövlət qurumları və beynəlxalq təşkilatlarla əməkdaşlıq planları varmı? Əgər varsa, bu əməkdaşlıqların hansı istiqamətlərdə aparılması nəzərdə tutulur?
Kənan Məmmədov: Əlbəttə. Birlik bu istiqamətdə tam şəkildə fəaliyyətdədir. Əsasən Türkiyə Respublikasından olan QHT-lərlə əməkdaşlıq istiqamətində danışıqlar aparılır. Yerli QHT-lərlə əsasən milli ideoloji təbliğat istiqamətində, xarici qeyri-hökumət təşkilatları ilə isə daha çox Azərbaycanın tarixi həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması istiqamətində fəaliyyətlərimiz olacaqdır.
Pərvanə Fərhadqızı
QHT.az












