Milli ziyalı Mobil Vəkiloğlu haqqında...
SƏMƏD VƏKİLOV
Kiçik yaşlarımdan mənə dayaq olan, atalıq qayğısı göstərən, əyninin təzə paltarını mənə peşkəş verən, fədəkar bir insan haqqında bu gün söz deməyi özümə borc bilirəm. Ona görə yox ki, o mənim qardaşımdır. Ona görə ki, bu insan buna layiqdir. Mobil Vəkiloğlu vətənpərvər Azərbaycan ziyalısıdır. Məlumatlılığı ilə əksəriyyətindən fərqlənən, dünyanın etnosiyasi mənzərəsinin mahir bilicilərindəndir.
Ailə üzvlərimizin qayğısını çəkmək də fədəkarlıq nümunəsidir. Mən onun bu gün ictimai keyfiyyətlərindən danışmaq istəyirəm. 80-ci illlərin sonlarından Azərbaycanda başlayan mili azadlıq hərakatının ilk iştirakçılarından olub Mobil Vəkiloğlu, milli oyanış hərəkatının ədəbi dərnək formasında ortalığa çıxan ilk təşkilatlarından sayılan “Çənlibel”in dinləyicilərindən olub. Milli İstiqlal şairimiz X.R.Ulutürkün 1987-ci ildə dərc edilmiş “Məndən başlanır Vətən” adlı kitabında yer alan “Çənlilbel” şeiri də sözügedən təşkilatın milli mücadiləmizin ilhamverici qüvvəsi olmasını bir daha təsdiq edir.
Mobil Vəkiloğlu milli azadlıq mücadiləsinin ən qızğın vaxtlarında Uzaq Şərqdə əsgəri xidmət keçib.Əsgəri xidmətə gedəndə ailəmizin sevmədiyi bir müğənni haqqında (adını qeyd etməyi etik hesab etmirəm) mənə tapşırıq verdi ki, flankəs oxuyanda televizoru söndürməyin o yaxşı oğlandı milli azadlıq hərakatına xeyli maliyyə yardımı edib. Müharibənin ilk dönəmlərindən könüllü batalyonun tərkibində Ağdarədə gedən döyüşlərdə iştirak edib. Lakin heç vaxt müharibədə iştirakı ilə qürrələnməyib. Mobil Vəkiloğlunun düşüncəsinə görə, torpaqlarımız işğaldadırsa, bizim öyünməyə haqqımız yoxdur.
Adının tarixçəsinə gəldikdə, bizim nəslimizin fədakar ömür yaşamış, sonradan Türkiyəyə mühacirət etmək zorunda qalmış Mobil bəy Vəkilovun adından götürülüb adı. Soyadının Vəkilovdan məhz milli türk sonluğuna Vəkiloğluya keçməsi də onun vətənpərvər milli kimliyinə önəm verən bir şəxs olmasından xəbər verir. Dəyərli ziyalımız olan Mobil Vəkiloğlu haqqında bu kiçik məqalə onun fərdi və ictimai keyfiyyətlərinin kiçik bir hissəsini əhatə edir. Lakin mənim üçün bu yazı mənəvi borcumun yerinə yetirilməsindən doğan kiçik bir arzunun ifadəsidir.