Xəbərlər 28.04.2025 18:22 44

Nazir Anar Əliyev: "6800 şəhid ailəsi mənzillə, 567 müharibə əlili avtomobillə təmin olunub"

Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Anar Əliyev bildirib ki, Azərbaycanda sosial müdafiə sisteminin gücləndirilməsi, məşğulluq imkanlarının artırılması, əmək münasibətlərinin inkişafı və sosial xidmətlərin elektronlaşdırılması istiqamətində ardıcıl və genişmiqyaslı islahatlar aparılır.

QHT.az xəbər verir ki, nazirin sözlərinə görə, Prezident İlham Əliyevin sosial sahədə apardığı məqsədyönlü siyasətin nəticəsi olaraq, 2018–2025-ci illər ərzində ölkədə beş böyük sosial islahat paketi həyata keçirilib:

"Bu islahatlar 7,6 milyard manat əlavə illik maliyyə tutumu yaradaraq 4 milyon nəfəri əhatə edib. Bu dövrdə minimum əməkhaqqı 3,1 dəfə, minimum pensiya 2,9 dəfə, orta aylıq pensiya isə 2,6 dəfə artırılıb. Sosial müavinət və təqaüd ödənişlərinin həcmi də 5 dəfə artaraq 400 milyon manatdan 1,9 milyard manata çatdırılıb. Əmək bazarında aparılan tədbirlər nəticəsində əmək müqavilələrinin sayı 556 min vahid və ya 42,4 faiz artıb. Bu artımın 90 faizi özəl sektorun payına düşüb. Əməkhaqqı fondu 2,9 dəfə, o cümlədən qeyri-dövlət sektoru üzrə 3,2 dəfə yüksəlib. Şəhid ailələri və müharibə əlillərinin sosial müdafiəsi və məşğulluğu da xüsusi diqqət mərkəzində olub. Vətən müharibəsindən sonra bu kateqoriyadan olan 131 min şəxsə sosial xidmət göstərilib, ümumilikdə 380 minə yaxın xidmət təqdim olunub. Şəhid ailələri və müharibə əlillərinə verilən müavinət və təqaüdlərin məbləği orta hesabla 2 dəfə artırılıb. Son beş ildə bu kateqoriyadan olan şəxslərə 6800 mənzil və 567 avtomobil təqdim olunub. 26,2 min nəfərin məşğulluğu təmin edilib, onlardan 12,4 min nəfəri özünüməşğulluq proqramına, 1070 nəfəri isə peşə hazırlığına cəlb olunub. Həmçinin 11 min nəfərə 77 minə yaxın sosial-psixoloji dəstək və reabilitasiya xidməti göstərilib. 492 hərbçiyə 609 ədəd yüksək texnologiyalı protez, 2300 müharibə əlilinə isə 70 min reabilitasiya vasitəsi təqdim edilib".

Anar Əliyev bu fikirləri Ümumdünya Əməyin Mühafizəsi Günü və ilk kollektiv müqavilənin 120 illiyinə həsr olunmuş "Rəqəmsallaşma və süni intellektin iş yerlərinə təsiri" mövzusunda keçirilən konfransda çıxışı zamanı səsləndirib.

 

Pərvanə Fərhadqızı


Paylaş
QHT TV
Elanlar
Son xəbərlər
Qrantlar
Təbriklər
Başsağlığı