Xəbərlər 26.06.2025 13:00 48

Notlar içindəki yalan: “Vaqarşabat rəqsi” - Bir oğurluğun izi ilə - VİDEO

Ermənilərin mədəni irsimizə qarşı apardıqları plagiat siyasətinin növbəti nümunəsi qondarma “Vaqarşabat rəqsi” adlanan musiqi parçası ilə bağlıdır. Bu “rəqs” adı altında təqdim olunan musiqi dahi Azərbaycan bəstəkarı Üzeyir Hacıbəylinin ölməz əsəri olan “O olmasın, bu olsun” operettasından götürülüb. Erməniləri tərəfindən mənimsənilən və “Vaqaraşabat rəqsi” kimi təqdim olunan bu plagiatlıq faktı ilə həm Azərbaycanın musiqi irsi təhrif edilib, həm də dünya ictimaiyyəti çaşdırılıb.

“O olmasın, bu olsun” komediyası Üzeyir Hacıbəylinin 1910-cu ildə yazdığı və Azərbaycan realist musiqili teatrının inkişafında mühüm yer tutan əsərdir. Bu əsər təkcə Azərbaycanda deyil, Rusiya imperiyası və sonralar Sovet İttifaqı ərazisində böyük şöhrət qazanmış, filmləşdirilərək (1956) dünya miqyasında tanınmışdır.

Komediyada yer alan rəqs musiqiləri, xüsusilə də toy səhnələrində səslənən ritmik və oynaq hissələr xalq musiqimizin zərif nümunələridir. Lakin həmin musiqi parçası sonradan "Vaqarşabat rəqsi" kimi erməni folklorunun bir hissəsi kimi təqdim olunmağa başlanıb.

Vaqarşabat indiki Ermənistanın qədim bir bölgəsinin adıdır. Bu musiqi guya həmin bölgədə ifa olunan ənənəvi rəqs kimi təqdim edilir. Ermənistan tərəfi bu adı musiqiyə verərək onun köklərinin qədim erməni tarixinə dayandığını iddia etməyə çalışır. Lakin bu, açıq-aşkar beynəlxalq ictimaiyyəti aldatmaq və Azərbaycan mədəniyyətinə qarşı planlı plagiatlıq siyasətinin bir hissəsidir.

Sadə bir musiqi araşdırması belə sübut edir ki, bu "rəqs" Azərbaycan musiqisindən, konkret olaraq Üzeyir bəyin əsərindən götürülüb. Musiqi strukturu, ritm quruluşu, melodik xətt və alət tərkibi bu musiqinin aydın şəkildə Azərbaycan mənbəli olduğunu göstərir.

Musiqi tarixçiləri bu cür halları “kultural apropriasiya” – yəni başqa xalqa məxsus mədəni elementi öz adına çıxmaq cəhdi kimi qiymətləndirirlər. Əsasən də SSRİ dövründə Azərbaycan musiqisinin bir çox nümunələri “Qafqaz xalqları folkloru” adı altında ümumiləşdirilib və bu yolla erməni sənətkarları tərəfindən mənimsənilib.

“Vaqarşabat rəqsi” kimi təqdim edilən musiqi nümunəsi sadəcə bir folklor parçası deyil, bir oğurluğun sənədidir. Bu kimi halları üzə çıxarmaq, sənədlərlə, musiqi arxivləri ilə sübut etmək və beynəlxalq ictimaiyyətə çatdırmaq Azərbaycan mədəniyyətinin qorunması baxımından vacibdir.

Azərbaycan musiqişünaslarının apardığı müqayisəli analizlər açıq şəkildə göstərir ki, “Vaqarşapat rəqsi” adı ilə təqdim edilən musiqi parçası Üzeyir bəyin operettasındakı rəqs musiqisinin dəyişdirilməmiş versiyasıdır. Hətta bəzi erməni ifaçılar bu parçanın sovet dövründə Azərbaycan filmlərindən yayıldığını da etiraf ediblər.

Azərbaycan Respublikası Əqli Mülkiyyət Agentliyinin bu faktla bağlı şərhində deyilir ki, Üzeyir Hacıbəylinin 1910-cu ildə yazdığı “O olmasın, bu olsun” musiqili komediyası az sonra tamaşaya qiyulmuş və qısa müddətdə böyuk müvəffəqiyyət qazanmışdı. Elə həmin illərdən də ermənilər bu məşhur komediyanın musiqisinə göz dikmiş, müxtəlif forma və üsullardan istifadə etməklə onu özlərininkiləşdirməuə çalışıblar.


Azərbaycan Respublikası Əqli Mülkiyyət Agentliyinin Mədəniyyət Nazirliyi ilə birgə bəyanatında bildirilib ki, ilk dəfə 1911-ci ildə səhnələşdirilmiş “O olmasın, bu olsun” komediyasının musiqisinin və librettosunun müəllifinin Üzeyir Hacıbəyli olması qəbul edilmiş faktdır, onu sübut edən çoxsaylı mənbələr, o cümlədən dövrə aid yazılar, tamaşa afişaları, not yazıları və s. sənədlər mövcuddur.

Komediyanın əsasında 1956-cı ildə “Azərbaycanfilm” kinostudiyası tərəfindən eyniadlı film çəkilib. Filmin ssenari müəllifi Sabit Rəhman, rejissoru Hüseyn Seyidzadə, musiqi redaktoru Fikrət Əmirovdur.

Erməni bəstəkarı Arno Babacanyan komediyanın bir hissəsini 1982-ci ildə keçmiş SSRİ televiziyasında yayımlanan verilişlərin birində guya özünün müəllifi olduğu “Vaqarşabat rəqsi” adı altında ifa edib, həmin ifa sonradan “Youtube” platformasında yerləşdirilib.

2011-ci ildə Rusiyanın “Mir” Dövlətlərarası televiziyasında Ermənistana həsr olunan verilişdə Azərbaycan musiqisi erməni müsiqisi kimi təqdim edilib. Belə ki, Ermənistan haqqında çəkilmiş sənədli filmdə Üzeyir Hacıbəylinin “O olmasın, bu olsun” musiqili komediyasının qonaqlıq səhnəsindəki musiqi erməni müsiqisi kimi təqdim edilib. Ermənilər öz oğurluqlarını əsaslandırmaq üçün filmdə istifadə olunan “Eranqi” adlı musiqinin guya erməni bəstəkarı Komitas tərəfindən işlənməsi barədə uydurma “mənbəyə” istinad edərək bunu “əsaslı dəlil” kimi erməni informasiya agentlikləri vasitəsi ilə yayıblar. Digər erməni mənbələrində isə bu rəqsin başqa bir variantının erməni bəstəkarı Arno Babacanyan tərəfindən işlənməsi və bunun “Vaqarşabat rəqsi” adlandığı barədə informasiya yayılıb.

Tanınmış musiqi mütəxəssisləri dəfələrlə istər Komitas tərəfindən işlənmiş “Eranqi” adlı musiqinin, istərsə də A.Babacanyanın “Vaqarşabat rəqsi” kimi təqdim edilən “musiqi əsərinin” Üzeyir Hacıbəylinin “O olmasın, bu olsun” musiqili operettasından götürüldüyünü və plagiat olduğunu bildiriblər.

Con Suyan (2009), Endryu Boldi (2016), Aida Avanesyan (2021), Marian Vartapetyan (2021), Raffi Besalyan (2021), Kristina Tokatliyan (2022), Hayk Melikyan və digərləri də komediyanın sözügedən hissəsini “erməni musiqisi” kimi ifa edərək, “Youtube” platformasında yerləşdiriblər.

Azərbaycanın rəsmi qurumları “Vaqarşabat rəqsi” kimi təqdim edilən “musiqi əsərinin” Üzeyir Hacıbəylinin “O olmasın, bu olsun” operettasından mənimsənildiyinə dair tarixi, etimoloji-linqvistik və hüquqi sənədləri etiraz məktubu ilə birgə Ümumdünya Əqli Mülkiyyət Təşkilatına göndərib.


“Tarixən ermənilərin vətənpərvərlik hissi aşılayan milli əsərləri, mədəniyyət nümunələri olmadığına görə onlar bunun yerini başqa xalqların yaradıcılıq nümunələri hesabına doldurmağa çalışıblar. Sonrakı mərhələdə isə öz oğurluq əməllərini əsaslandırmaq üçün əvvəl müxtəlif yalançı, xəyali, uydurma, mövcud olmayan “mənbələrə” istinad edərək bu əsərlərin erməni mədəniyyət nümunələri olduğunu sübut etməyə çalışıb və bu əməlləri tədricən vərdişə və erməni ənənəsinə çevriblər. XVII-XVIII əsrlərin, daha çox da XIX əsrin elə bir erməni əlyazmasına rast gəlmək çətindir ki, onlarda qədim Azərbaycan mahnıları və havaları olmasın. Onların mətnlərinin çoxu hazırda Matenadaranda və Ermənistanın digər arxivlərində saxlanılır. Qədim Azərbaycan nəğmələri erməni mühitində geniş istifadə edilməklə, toplanaraq erməni arxivlərində saxlanılmaqla yanaşı, həm də imkan daxilində tərcümə edilərək ermənilər tərəfindən onların “milli” nümunələri kimi nəşr olunur. R.Boyaçyan tərəfindən toplanmış və A.Seriyeks tərəfindən çapa hazırlanmış “Erməni xalq nəğmələri” kitabının Paris nəşrini buna misal göstərmək olar.

Ermənilərin qürur duya biləcəkləri milli əsərlərinin olmadığını vaxtilə erməni ziyalıları özləri də etiraf ediblər. Məsələn, XIX əsrin məşhur erməni xadimlərindən biri olan M.Nalbandyan yazırdı ki, erməni “... melodiya və havaların çoxu türklərdən [azərbaycanlılardan] götürülüb. Mən ermənilərin yaşadığı çox yerlərdə olmuşam. Həmişə təmiz ermənicə olan bir şey eşitmək istəmişəm. Təəssüf ki, bu günədək mən buna nail olmamışam! Düşünürəm ki, bizim musiqi alətlərinin adları: saz, santur, kaman – hamısı türkcədir” (“Qədim şeirlər və mahnılar haqqında”, Əsərlərinin tam külliyyatı, c. 1)”, - deyə Əqli Mülkiyyət Agentliyi bəyan edib.


A.Zeynalov

Yazı “Əqli Mülkiyyətçilərə Kömək” İB-nin Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin yardımı ilə həyata keçirdiyi “Erməni plagiatlığının izləri: Əqli mülkiyyət terroru” layihəsi çərçivəsində hazırlanıb.

 


 

 

 


Paylaş
QHT TV
Elanlar
Son xəbərlər
Qrantlar
Təbriklər
Başsağlığı