Xəbərlər 20.06.2025 13:05 55

Pərvanə Vəliyeva: "Səhiyyə QHT-lərinin fəaliyyəti və gənc alimlərə dəstək təşviq edilməlidir"

"Ölkəmizdə səhiyyə maarifçiliyi və məlumatlılığının artırılması istiqamətində QHT-lər çox fəaldır. Hemofiliya, kistik fibroz, xərçəng, leykemiya, autizm spektrum, daun sindromu, infeksion xəstəliklər, vərəm, İİV/QİÇS, viruslu hepatitlər və s. kimi xəstəliklərlə mübarizə və dəstək tədbirlərində uğurlu fəaliyyət göstərən ictimai birliklər var".

Bu fikirləri Məclisin Səhiyyə Komitəsinin üzvü, deputat Pərvanə Vəliyeva QHT.az-a açıqlamasında bildirib. Deputatın sözlərinə görə, onlardan bəziləri pasiyentlərə xidmətlərin göstərilməsi – xəstəlikdən əziyyət çəkən insanlara dərman preparatları və digər tibbi vasitələrin paylanmasında, müayinə üçün nümunələrin daşınmasında, psixoloji dəstəyin göstərilməsində də fəal iştirak edirlər:

"QHT-lərin bu fəaliyyətinin təşviqi məqsədilə QHT-lərə Dövlət Dəstəyi Agentliyi tərəfindən bu mövzuya müsabiqələrdə xüsusi yer verilir və maliyyə dəstəyi göstərilir. Səhiyyə QHT-ləri dünya səhiyyə elmində tətbiq edilən yeniliklərin cəmiyyətə çatdırılması, ölkəmizdə və xaricdə beynəlxalq elmi-praktiki konfransların keçirilməsi, ölkəmizin səhiyyə sahəsində uğurlarının beynəlxalq arenada da tanıdılmasında fəal iştirak edirlər. Bununla belə səhiyyə sahəsində tədqiqatlar aparan QHT-lərin, səhiyyə assosasiyaların sayının artırılmasına, onların fəaliyyətinin təşviq olunmasına ehtiyac olduğunu düşünürəm. Nəticədə, bu, gənc alimlərin fəaliyyətinə də dəstək olacaqdır".

 

Pərvanə Fərhadqızı

QHT.az


Paylaş
QHT TV
Elanlar
Son xəbərlər
Qrantlar
Təbriklər
Başsağlığı