Çinin texnologiya şirkəti Honor Türkiyədə ilk yerli smartfon istehsalına başlayıb. Şirkət Salcomp ilə əməkdaşlıq çərçivəsində İstanbulun Avcılar rayonunda yerləşən istehsal müəssisəsində Honor X7d 4G modelinin kütləvi istehsalına start verib.
QHT.az xarici mediaya istinadən bildirir ki, layihənin ilk mərhələsində 10 milyon dollarlıq investisiya yatırılıb və 100 nəfər işlə təmin olunub. Şirkət 2026-cı ilin son rübündə “Made in Türkiye” etiketi ilə 50 min ədəd smartfon istehsal etməyi planlaşdırır.
İstehsal planına əsasən, Honor 2027-ci ildə müəssisənin illik istehsal gücünü 300 min ədədə çatdırmağı hədəfləyir. Bundan əlavə, şirkət gələn ilin əvvəlindən etibarən Honor X7d modelindən sonra digər smartfonlarını da Türkiyədəki istehsal xəttinə daxil etməyi nəzərdə tutur.
Beləliklə, Honor Türkiyədə yerli smartfon istehsalına başlayan qlobal texnologiya markaları sırasına qoşulub.










