Gənclər arasında təhlükəli boyuzatma trendi: Xərçəng dərmanından istifadə edirlər

Sosial şəbəkələrdə, xüsusilə gənc kişilər arasında yayılan boyu maksimum dərəcədə uzatma trendi təhlükəli istiqamət alıb. Daha uzunboylu olmaq istəyən bəzi gənclər xərçəng xəstəliyinin müalicəsində istifadə edilən dərmanlara maraq göstərirlər. Mütəxəssislər isə bu cür cəhdlərin ciddi və qalıcı sağlamlıq problemlərinə səbəb ola biləcəyi barədə xəbərdarlıq edirlər.

QHT.az xarici mediaya istinadən bildirir ki, müzakirələrin mərkəzində irəliləmiş mərhələdə olan sidik kisəsi xərçənginin müəyyən növlərinin müalicəsində istifadə edilən erdafitinib adlı dərman dayanır.

Dərmanın beyin şişi səbəbindən müalicə alan bəzi uşaqlarda gözlənilməz dərəcədə sürətli boy artımına səbəb olması sosial şəbəkələrdə diqqət çəkib. Bu məlumatlar daha uzunboylu olmaq istəyən gənclərin də marağına səbəb olub.

Lakin alimlər sağlam insanlarda boyu uzatmaq məqsədilə bu dərmandan istifadənin təhlükəsiz olduğunu təsdiqləyən heç bir elmi sübutun olmadığını bildirirlər.

Araşdırmalar göstərir ki, dərmanın təsiri ilə bağlı maraq az sayda uşaq xəstədə müşahidə edilən qeyri-adi nəticələrdən qaynaqlanır. Avstriyanın paytaxtı Vyanada tədqiqatçılar beyin şişi səbəbindən erdafitinib qəbul edən iki uşaqda sürətli boy artımı qeydə alıblar.

Mütəxəssislərin diqqətini çəkən digər hadisədə isə beyin şişi müalicəsi alan 15 yaşlı oğlan uşağı təxminən doqquz ay ərzində 14,3 santimetr uzanıb. Lakin bu sürətli böyümə ciddi fəsadlarla müşayiət olunub. Uşaqda cərrahi müdaxilə tələb edən onurğa deformasiyaları yaranıb.

Anglia Ruskin Universitetinin biotibbi elmlər üzrə professoru Castin Stebbinq bildirib ki, bu hallar dərmanın sümük inkişafına təsirini anlamaq baxımından əhəmiyyətlidir. Bununla belə, müşahidələr erdafitinibin sağlam gənclərdə təhlükəsiz boyuzatma vasitəsi kimi istifadə edilə biləcəyini sübut etmir.

Məlumata görə, trendin TikTok platformasında yayılmasından sonra dərmanı boy uzatmaq məqsədilə təbliğ edən bəzi hesablar qadağan edilib. Bununla yanaşı, preparatdan həqiqətən istifadə edən gənclərin sayı hələlik məlum deyil.

Mütəxəssislər xəbərdarlıq edirlər ki, xərçəng müalicəsi üçün nəzərdə tutulan dərmanların yalnız xarici görünüşü dəyişdirmək məqsədilə istifadəsi ciddi sağlamlıq riskləri yarada bilər. Erdafitinibin mümkün fəsadları arasında sümük inkişafının qalıcı pozulması və ciddi görmə problemləri də var.