Dərinin gənc və sağlam görünməsində düzgün qidalanma mühüm rol oynayır. Mütəxəssislər bildirirlər ki, ispanaq və kələm kimi yaşıl tərəvəzlər dərinin elastikliyini qorumağa, Omeqa-3 yağ turşuları ilə zəngin yağlı balıqlar isə onun nəmliliyini dəstəkləməyə kömək edir.
QHT.az xarici mediaya istinadən bildirir ki, yaş artdıqca dərinin dolğunluğu və möhkəmliyi azalır. Bunun əsas səbəblərindən biri 20 yaşların ortalarından etibarən dərinin strukturunu və möhkəmliyini təmin edən kollagen zülalının parçalanmasının sürətlənməsidir. Nəticədə dərinin qalınlığı və möhkəmliyi hər il təxminən 1,5 faiz azala bilər.
Dermatoloq və qidalanma üzrə mütəxəssis Thivi Maruthappunun sözlərinə görə, genetik xüsusiyyətlər, günəş şüalarının təsiri və ətraf mühitin çirklənməsi ilə yanaşı, qidalanma vərdişləri də dərinin qocalmasında mühüm rol oynayır.
Şəkər və emal olunmuş qidalar dəriyə mənfi təsir göstərir
Mütəxəssis qeyd edir ki, rafinə edilmiş şəkərin həddindən artıq istehlakı qlikasiya prosesini sürətləndirə bilər. Bu zaman fruktoza və qlükoza kimi şəkərlər kollagen də daxil olmaqla zülallarla reaksiyaya girərək onların strukturunu dəyişir. Nəticədə kollagen sərtləşir və dəri elastikliyini itirir.
Bundan başqa, yüksək dərəcədə emal olunmuş qırmızı ət və qızardılmış qidalardan ibarət qidalanma dəridə solğunluq, rozasea, sızanaq və digər problemlərin yaranmasına şərait yarada bilər.
Maruthappu vurğulayır ki, ultraemal olunmuş qidalar bağırsaq sağlamlığını poza, orqanizmdə iltihabi prosesləri gücləndirə və bununla da dərinin qocalmasını sürətləndirə bilər.
Qəhvə də antioksidant mənbəyidir
Dərinin sağlamlığının qorunmasında orqanizmin kifayət qədər maye qəbul etməsi də vacibdir. Bəzi araşdırmalar daha çox su içməyin dərinin nəmlənməsinə kömək edə biləcəyini göstərsə də, həddindən artıq su istehlakının dərini cavanlaşdırdığına dair kifayət qədər elmi sübut yoxdur.
Mütəxəssisin sözlərinə görə, ölçülü miqdarda qəbul edilən qəhvə də antioksidant xüsusiyyətləri sayəsində dəri sağlamlığını dəstəkləyə bilər. Qəhvənin tərkibində hüceyrələrdə oksidləşdirici stressi azaltmağa və sərbəst radikalları neytrallaşdırmağa kömək edən antioksidantlar mövcuddur.
Dərinin qocalmasına qarşı qidalanmada tünd rəngli meyvələrə, xüsusilə qaragiləyə, yaşıl çaya və sumağa da yer verilməsi tövsiyə olunur.










