İdmanla məşğul olmaq və düzgün qidalanmaq yaşla əlaqədar beyin funksiyalarının zəifləməsinin qarşısını almağa kömək edə bilər. Alimlər bu həyat tərzi seçimlərinin beyin sağlamlığına təsirini araşdıraraq onların mümkün faydalarını və hələ dəqiq öyrənilməyən tərəflərini açıqlayıblar.
QHT.az xarici mediaya istinadən bildirir ki, bu mövzu Neyrologiya Cəmiyyətinin (Society for Neuroscience) illik toplantısında müzakirə olunub. Mütəxəssislər həyat tərzində edilən dəyişikliklərin yaşla əlaqədar beyin funksiyalarının zəifləməsinə qarşı necə təsir göstərə biləcəyini qiymətləndiriblər.
Alzheimer Assosiasiyasının tibbi və elmi əlaqələr üzrə baş vitse-prezidenti Heather Snyder bildirib ki, sağlam qidalanma və fiziki aktivliyin faydaları uzun müddətdir məlum olsa da, bu vərdişlərin beyin sağlamlığına təsir mexanizmləri ilə bağlı elmi araşdırmalar hələ də davam edir.
O qeyd edib ki, elmi biliklərin genişlənməsi xüsusilə beyin xəstəlikləri riski yüksək olan insanlar üçün daha effektiv tövsiyələrin hazırlanmasına imkan yarada bilər.
Kanadadakı Queen's Universitetinin Neyrologiya Araşdırmaları Mərkəzinin professoru Fernanda De Felice isə fiziki aktivliyin beyin sağlamlığını qorumaq üçün dərmansız və təsirli vasitələrdən biri olduğunu vurğulayıb.
Onun sözlərinə görə, müntəzəm idman yaş artdıqca beyin həcminin qorunmasına, qan dövranının yaxşılaşmasına və beyində iltihabi proseslərin tənzimlənməsinə kömək edə bilər.
Mütəxəssislər bildirirlər ki, həyat tərzinin beyin sağlamlığına təsirini daha dərindən anlamaq üçün əlavə elmi araşdırmalara ehtiyac var.










