ABŞ Senatının Təxsisatlar Komitəsi 2027-ci maliyyə ili üçün xarici yardıma 50,11 milyard dollar ayrılmasını nəzərdə tutan qanun layihəsini açıqlayıb. Təklif olunan məbləğ 2026-cı ilin maliyyələşmə səviyyəsini demək olar ki, dəyişməz saxlayır və Nümayəndələr Palatasının təklif etdiyi 6 faizlik azalmadan imtina edir.

QHT.az xarici mediaya istinadən bildirir ki, Senat və Nümayəndələr Palatası hazırda fərqli maliyyə təkliflərinə malikdir. Hər iki palata layihələr arasındakı fərqləri aradan qaldırmalı, ortaq razılaşma əldə etməli və sənədi Prezident Donald Trampın imzasına təqdim etməlidir.

Tərəflər bu prosesi dekabrın 11-dək başa çatdırmalıdırlar. Həmin tarixdə dövlət büdcəsinin maliyyələşdirilməsini müvəqqəti təmin edən mövcud qanunun müddəti başa çatır. Əks halda, büdcə ilə bağlı yekun qərarın təxirə salınması üçün yeni müvəqqəti maliyyələşdirmə sənədi qəbul edilə bilər.

Qeyd edək ki, həm Senatın, həm də Nümayəndələr Palatasının təklif etdiyi məbləğ Prezident Trampın xarici əlaqələr və yardım büdcəsinin 30 faiz azaldılması ilə bağlı istəyindən xeyli yüksəkdir. Nümayəndələr Palatasının layihəsində 47,32 milyard dollar nəzərdə tutulduğu halda, Senatın təklifi 50,11 milyard dollardır.

Layihələr arasındakı əsas fərqlərdən biri isə BMT-yə ayrılan maliyyə ilə bağlıdır. Senatın variantı BMT-nin maliyyələşməsinin kəskin azaldılmasını nəzərdə tutmur.