Sosial şəbəkələrdə sürətlə yayılan “glass skin” (şüşə kimi parlaq dəri) trendi qüsursuz, hamar və nəmli dəri görünüşü vəd etsə də, düzgün tətbiq edilmədikdə sağlamlıq problemlərinə səbəb ola bilər. Mütəxəssislər populyar dəriyə qulluq vasitələrinin nəzarətsiz və yanlış istifadəsinin dəri sağlamlığı üçün təhlükə yaratdığını bildirirlər.
QHT.az xarici mediaya istinadən bildirir ki, “glass skin” yanaşması dərinin parlaq, hamar, nəmli və məsaməsiz görünməsini hədəfləyən qulluq üsullarına əsaslanır. Bu trend xüsusilə sosial şəbəkələrdə geniş yayılıb və milyonlarla insanın diqqətini cəlb edib.
Trend çərçivəsində hazırlanan videolarda bir neçə dəriyə qulluq məhsulunun eyni prosedur zamanı istifadəsi, müxtəlif aktiv maddələrin ardıcıl tətbiqi və qısa müddətdə ideal nəticə əldə etmək vədləri ön plana çıxır.
Lakin mütəxəssislər bu cür qulluq rutinlərinin kor-koranə təkrarlanmasının dəri üçün arzuolunmaz nəticələrə səbəb ola biləcəyi barədə xəbərdarlıq edirlər.
Onların sözlərinə görə, müxtəlif aktiv tərkibli məhsulların eyni vaxtda və düzgün ardıcıllıq olmadan istifadəsi dərinin müdafiə baryerinə zərər verə bilər. Buna görə də dəriyə qulluq zamanı sosial şəbəkələrdə yayılan trendləri deyil, dərinin fərdi xüsusiyyətlərini və mütəxəssis tövsiyələrini əsas götürmək vacibdir.










