Öz markanı yarat: Layihə çərçivəsində növbəti təlim / FOTOLAR
Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı və İnnovasiya və Sosial İnkişaf İctimai Birliyinin təşkilatçılığı ilə “Sahibkarların innovativ bacarıqlarınının artırılması” adlı layihə çərçivəsində növbəti təlim Bakı Resurs Mərkəzində keçirildi.
QHT.az xəbər verir ki, təlimdə Bakı Dövlət Universitenin Beynəlxalq İqtisadi Münasibətlər fakültəsinin Beynəlxalq münasibətlər, İqtisadiyyat, Beynəlxalq ticarət və logistika, Dövlət və ictimai münasibətlər, Menecment, Biznesin idarə edilməsi ixtisasları üzrə təhsil alan tələbələr, yeni biznes fəaliyyətinə başlamaq istəyən gənclər və gənc fərdi sahibkarlar iştirak edirdi. Layihə rəhbəri Bakı Dövlət Universitetinin müəllimi Lalə Maxsudova çıxış edərək vurğuladı ki, ölkəmizdə sahibkarlığın stimullaşdırılması məqsədilə biznes və investisiya mühiti davamlı olaraq yaxşılaşdırılır, qanunvericilik bazası təkmilləşdirilir, sahibkar-dövlət, hökumət-biznes münasibətləri daha da inkişaf etdirilir, iqtisadiyyata geniş dəstək paketini nəzərdə tutan çoxsaylı proqramlar icra olunur. Amma bütün qeyd edilən irəliləyişlərlə yanaşı, kiçik və orta biznesin inkişafının stimullaşdırılmasına, iş adamlarının biznes layihələrinin həyata keçirilməsinə dəstək məqsədilə daha təkmil və çevik dövlət dəstəyi mexanizminin yaradılmasına böyük ehtiyac vardır. Məsələn, bəzən iş adamlarının daxili bazarı araşdırmadan iş qurması sonda istənilən nəticəni vermir. O cümlədən, sahibkarların öz hüquqlarını, ölkə qanunvericiliyinin tələblərini, vergi inzibatçılığını, yeni innovativ metodoloji yanaşmaları bilməmələri müəyyən neqativ hallar yaranmasına gətirib çıxarır.
İqtisadi ekspert, Beynəlxalq Əmək Təşkilatının-biznes təlimçisi, Bakı Biznes Universitetinin müəllimi Bəsti Bəşirova mövzu üzrə startap layihələr, süni intelektin biznesdə tətbiqi, rəqəmsal marketinqdə süni intelektin faydaları, marketinq xərclərinin azalmasına dəstək olan innovativ alətlər, kiber təhlükəsizlik, bazara çıxışı və satışı asanlaşdıran innovativ proqramlar və s. barədə təlim iştirakçılarına ətraflı məlumat verdi. O, bildirdi ki, innovativ texnologiyalardan istifadə etməklə sahibkarlıq fəaliyyətini daha da stimullaşdırmaq, biznesin işini asanlaşdırmaq üçün ölkədə fiziki və hüquqi şəxslərə xüsusi razılıq (lisenziya), sertifikat və digər sənədlərin verilməsi prosedurları elektronlaşdırılıb ki, bütün bunlar sonda sahibkarlığın inkişaf etdirilməsi sahəsində görülən işlərin səmərəliliyini daha da artırır. Hazırda İqtisadiyyat Nazirliyi tərəfindən sahibkarlara 23-dən artıq fəaliyyət növü üzrə lisenziyalar təqdim olunur. Təkcə 2015-2023-cü illərdə Azərbaycanda sahibkarlara 15.000-dən çox lisenziya verilib ki, bunların da 4500-dən çoxu elektron lisenziya olub. Lisenziyalar iş adamlarına “Lisenziyalar və icazələr” portalı ilə yanaşı, Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) tabeliyində olan KOB evləri, “ASAN xidmət” mərkəzləri vasitəsilə təqdim edilir.
Təlimdə həmçinin gənc, fərdi sahibkar olmaqla yanaşı informasiya təhlükəsizliyi üzrə beynəlxalq sertifikatlı mütəxəssis Həsən Şahbazov “Öz markanı yarat” adlı slaydı təqdim edərək, əməliyyatlar və təchizat zəncirində süni intellekt, süni intellekt alətləri və platformaları, süni intellekt və kibertəhlükəsizliyin biznesdə rolu və tətbiqləri, marketinq və satışda süni intellekt tətbiqləri və s. yarımbölmələr üzrə əyani bilgilər, faydalı məlumatlar verdi.
Təlimdə iştirakçıları maraqlandıran suallar iqtisadi təlimçi-ekspert Bəsti Bəşirova və digərləri tərəfindən cavablandırıldı, mövzunu tam əhatə edən slaydlar təqdim edildi. Layihə çərçivəsində növbəti və son təlim Sumqayıt şəhərində təşkil ediləcəkdir.