"İnzibati məsuliyyət norması müəyyənlik, aydınlıq və proporsionallığa uyğun olmalıdır" - Əliməmməd Nuriyev
“Konstitusiya” Araşdırmalar Fondunun prezidenti Əliməmməd Nuriyev QHT.az-a verdiyi açıqlamada, Milli Məclisin Qeyri-hökumət təşkilatlarına xarici maliyyə mənbələri hesabına gördükləri iş və xidmətlərlə bağlı müqavilələr üzrə inzibati məsuliyyəti nəzərdə tutan dəyişikliklər layihəsinin müzakirəyə çıxarılacağını bildirib.
O, bu qanun layihəsinin ictimaiyyətin diqqətini cəlb etdiyini vurğulayıb:
"Qanun layihəsinə əsasən, bu tip müqavilələrin müəyyən edilmiş müddətdə müvafiq icra orqanına təqdim olunmaması və eləcə də qeydiyyatsız müqavilələr üzrə fəaliyyət göstərilməsi ciddi məbləğdə cərimələrlə nəticələnə bilər. Cərimələrin məbləği təxminən belə müəyyənləşdirilib: Əgər qanuni müddətdə müqavilələr təqdim edilmirsə, onda vəzifəli şəxs 1500-2000 AZN məbləğində, hüquqi şəxs isə 5000-7000 AZN məbləğində cərimələnə bilər. Ümumiyyətlə, müqavilə olmadan və ya qeydiyyatsız müqavilə üzrə xidməti vəsait qəbul olunarsa, bu zaman 2500-5000 AZN məbləğində vəzifəli şəxs, 8000-15000 AZN məbləğində isə hüquqi şəxs məsuliyyətə cəlb olunur. Həmçinin, banklar və ödəniş təşkilatları qeydiyyatsız müqavilə üzrə əməliyyat aparırlarsa, bu zaman vəzifəli şəxslər 2500-5000 AZN, hüquqi şəxslər isə 5000-8000 AZN məbləğində cərimə olunması nəzərdə tutulur".
Əliməmməd Nuriyev hesabatlılıq və şəffaflıq prinsiplərinin istənilən hüquqi dövlətin əsas dayaqları olduğunu qeyd edərək, QHT-lərin maliyyə fəaliyyətinə dair hesabat öhdəliklərinin, xüsusən də xarici donorlarla əlaqəli müqavilələrdə dövlət nəzarəti mexanizmlərinin vacib olduğunu vurğulayıb. O, beynəlxalq təcrübədə də bu tənzimləmələrin mövcud olduğunu və bu cür yanaşmaların çirkli pulların yuyulmasına qarşı mübarizə çərçivəsində aktuallıq daşıdığını bildirib:
"Bir çox beynəlxalq aktorlar tərəfindən dövlətlərə qarşı suverenliyi zəiflətməyə cəhdlər olmuş və olmaqda davam edir. Bir çox ölkələrdə bu tez-tez müşahidə olunur. Bu baxımdan da hesab edirəm ki, qanunvericilik bu istiqamətdə müəyyən dəyişikliklərin edilməsi zəruridir və mövcud ictimai münasibətlərin tənzimlənməsi baxımından əhəmiyyətlidir. Ancaq hər bir inzibati məsuliyyət norması hüquqi baxımdan müəyyənlik, aydınlıq və proporsionallıq prinsiplərinə uyğun olmalıdır. Təklif olunan dəyişikliklərdə istifadə olunan “qanunvericiliklə müəyyən edilmiş müddətlər” və “qeydiyyatsız müqavilə üzrə fəaliyyət” kimi ifadələr əgər normativ dəqiqliklə izah olunmazsa, hüququn tətbiqində selektiv və qeyri-bərabərlik riski yarada bilər."
Ardı var...
Pərvanə Fərhadqızı
QHT.az