Azadlıqdan məhrum edilmiş gənclərin sosial inteqrasiyası
“Rezonans” Gənclərin İctimai Birliyi 26.12.2007 tarixində təsis edilib. Təşkilat təsis olunanda mənim cəmi 4 yaşım olub. Bu gün isə artıq təşkilatın sədriyəm. 18 illik fəaliyyət müddətində ölkənin ictimai-siyasi həyatında, xüsusilə də dövlətin gənclərlə bağlı yeritdiyi siyasətin icrasında, gənclərin bu siyasətin mahiyyətini düzgün anlaması və bu proseslərə cəlb edilməsi işində fəal iştirak edən “Rezonans” GİB təşkilatdaxili məsələləri — nizam-intizam qaydalarına, ölkə qanunvericiliyinin tələblərinə əməl edilməsini və s. bu kimi məqamları da daim diqqətdə saxlamışdır.
Məlumdur ki, “Gənclər siyasəti haqqında” Azərbaycan Respublikası qanununun 9-1-1 maddəsində “Gənclər təşkilatları gənclərin problemlərinin müəyyən edilməsi və həlli, hüquqlarının müdafiəsi, mənəvi tələbatlarının ödənilməsi və s. məqsədi ilə “Qeyri-hökumət təşkilatları (ictimai birliklər və fondlar) haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq 16 yaşından 35 yaşınadək olan fiziki şəxslər və (və ya) bu qanuna uyğun olaraq yaradılan gənclər təşkilatları tərəfindən təsis edilən qeyri-hökumət təşkilatlarıdır” və 9-1-2 maddəsində “Gənclər təşkilatlarının üzvlərinin həmin təşkilatlarda üzvlüyünə onların 35 yaşı tamam olduğu andan xitam verilir” deyilir. Göründüyü kimi, ölkə qanunvericiliyinin tələblərinə uyğun olaraq gənclər təşkilatlarının üzvləri və o cümlədən rəhbərliyi mütəmadi yenilənir. Əslində, bu hal təşkilatımızı gənclərin ruhuna uyğun olaraq dinamik və çevik olmağa məcbur edir. Bu baxımdan təşkilatımız onlarla gənc üçün həm məktəb, həm təcrübə meydanı, həm də karyera yüksəlişində bir tramplindir. Belə ki, təşkilatımızın məndən əvvəlki sədrlərindən yalnız biri yaş həddi ilə bağlı məhdudiyyətə uyğun olaraq istefa verib, digər üzvlər isə digər strukturlara, o cümlədən dövlət orqanlarına işə cəlb olunublar.
“Rezonans” GİB fəaliyyət dövrü ərzində 30-dan artıq müxtəlif mövzuda layihələr həyata keçirmişdir. Əsas fəaliyyət istiqamətləri gənclər arasında sağlam həyat tərzinin təbliği, peşə seçiminə yardım, siyasi və hüquqi biliklərinin artırılması, hüquqların müdafiəsi, xüsusilə də risk qrupuna aid olan, o cümlədən azadlıqdan məhrum edilmiş, azadlığı məhdudlaşdırılmış və yenicə azadlığa çıxmış gənclərlə bağlı işlər olmuşdur. Bu fəaliyyətlər çərçivəsində həyata keçirilən layihələr minlərlə gənci əhatə etmiş, uğurlu nəticələr əldə etmişdir. Təşkilat bir neçə kitab və broşür çap etdirmiş, videoçarx hazırlamışdır. Təşkilatın vebsaytı (https://rezonans-ypu.com) 10 ildən çoxdur ki, gənclərin xidmətindədir. Zaman keçdikcə bu istiqamətdə görülən daha böyük işlərin şahidi olduqca dövlətin yürütdüyü siyasəti daha çox bəyənir. Bilirik ki, Azərbaycan hakimiyyəti son illər gənclərə verdiyi önəmi bir qədər də artırıb.
Hazırda təşkilatımız Azərbaycan Respublikası Gənclər Fondunun dəstəyi ilə “Məhkum gənclərin sosial adaptasiya və peşə hazırlığı prosesində rəqəmsal platformalardan istifadə” layihəsini həyata keçirir. Məhkum gənclərlə iş, o cümlədən onların sosial adaptasiyası təşkilatımızın daim, fasiləsiz həyata keçirilməsi tələb olunan fəaliyyət sahələrindəndir. Bu sahədə müxtəlif üsulların, o cümlədən rəqəmsal vasitələrin köməyi ilə məhkumların peşə hazırlığı (o cümlədən İKT bilikləri) və hazırlanmış məhsulların tanıtımı, təbliği və s. bu sahədə ciddi müsbət dəyişikliklərə səbəb olacaq.
Azərbaycan Respublikası Ədliyyə Nazirliyi və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidməti ilə əməkdaşlıq şəraitində keçirilən bu layihə çərçivəsində birbaşa ünsiyyətli saylı cəzaçəkmə müəssisələrində təlimlər və rəqəmsal resurslardan istifadə olunaraq məhkum gənclərin əmək vərdişlərinə yiyələnmək, özünün və müəyyən dərəcədə də ailə üzvlərinin maddi təminatını ödəmək, sosiallaşma və peşə hazırlığı kimi məsələlərin həllində kömək göstərilir.
Əgər nəzərə alsaq ki, yeniyetmə dövrü olanların əksəriyyəti risk qrupu hesab edilə bilər, onda bu mənada fəaliyyət bütövlükdə gənclərə ünvanlanıb.
Layihə çərçivəsində cəlb ediləcək iştirakçıları şərti olaraq iki hissəyə bölmək olar:
1) tədbirlərdə birbaşa iştirak edənlər, o cümlədən cəzaçəkmə müəssisələrində tədbirlərin iştirakçıları (məhkum gənclər),
2) tədbirlərdə bilvasitə və ya qiyabi şəkildə qatılanlar, layihə çərçivəsində rəqəmsal resurslar vasitəsilə yayılan məlumatlarda (ən pessimist ehtimallara görə 1000-dən artıq).
Layihənin davamlılığını şərtləndirən və vacib edən səbəblər: 1. Əvvəla, cəzaçəkmə müəssisələrində məhkumların (həmçinin azadlığı məhdudlaşdırılmış və yenicə azadlığa çıxmış keçmiş məhkumlar) kontingenti daim dəyişdiyi üçün onlarla iş daimi və fasiləsiz davam edən proses olmalıdır. 2. Bu layihə çox az sayda məhkumu əhatə etməyə imkan verir. Daha çox məhkumu (o cümlədən azadlığı məhdudlaşdırılmış) prosesə cəlb etmək üçün həm vaxta, həm də vəsaitə ehtiyac var. Bu cür təlimlərin davam etdirilməsi, xüsusi hazırlıq keçirilməsi və peşə hazırlığı ilə bağlı məlumatlandırma vacibdir. (Hər ay iki cəzaçəkmə müəssisəsində təlim keçirilsə, 100 məhkum cəlb ediləcək, layihə dövründə isə 1000-dən artıq məhkum.)
Toğrul Abbasbəyli
“Rezonans” Gənclərin İctimai Birliyinin sədri