Maştağada yeniyetmələrə yol hərəkətinin təhlükəsizliyi tədris olundu - FOTOLAR
Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin 2025-ci il kiçik qrant müsabiqəsi çərçivəsində “Oriqami” Uşaq və Yeniyetmələr İctimai Birliyi 15 may 2025-ci il tarixində Maştağa qəsəbəsi C. Cabbarlı adına 187 №-li tam orta məktəbdə “Yeniyetmələrə yol hərəkətinin təhlükəsizliyi, piyada mədəniyyətinin aşılanması” layihəsinin təqdimatını təşkil etmişdir.
QHT.az xəbər verir ki, təqdimatın keçirilməsi üçün C. Cabbarlı adına 187 №-li tam orta məktəbin kitabxanasında əvvəlcədən xüsusi hazırlıq işləri görülmüş, qiraət zalına əlavə masalar və stullar düzülmüşdür. “Oriqami” təşkilatı layihənin loqolu rolapını çap etdirmiş, masaların üzərinə layihə barədə atributlar – kiçik formatlı loqolu məlumat lövhələri və tədbirə dair digər məlumat daşıyıcıları yerləşdirmişdir. Bunlar arasında loqolu, təsvirli iştirakçı sertifikatı, diplom, vımpel nümunələri də yer alırdı. Təqdimat iştirakçılarının qeydiyyatı təşkil olunmuşdu.
“Yeniyetmələrə yol hərəkətinin təhlükəsizliyi, piyada mədəniyyətinin aşılanması” layihəsinin təqdimatı saat 11:00-da başlamışdır. C. Cabbarlı adına 187 №-li tam orta məktəbin direktor vəzifəsini müvəqqəti icra edən Elnarə Həsənova layihənin təqdimatına toplaşanları salamlamış və hər bir şagirdin fərdi təhlükəsizliyinə istiqamətlənmiş layihənin məktəblilər üçün əhəmiyyətini vurğulamışdır. Daha sonra layihənin rəhbəri N. Nəcəfov layihənin donoru, məqsədi, ünvanlandığı hədəf qrupu, müddəti və icra məkanı barədə geniş məlumat vermiş, pedaqoji kollektivin üzvləri və könüllülük prinsipi əsasında layihəyə qoşulmuş məktəblilərin suallarını cavablandırmışdır.
Layihənin təqdimatı zamanı “Oriqami” İctimai Birliyi tərəfindən foto və video çəkiliş təşkil olunmuşdur. Hal-hazırda C. Cabbarlı adına 187 №-li tam orta məktəbdə təşkil olunmuş layihənin təqdimatı barədə məlumatın yayımı üçün media qurumuna informasiya göndərilmişdir. Maştağa qəsəbəsində “Yeniyetmələrə yol hərəkətinin təhlükəsizliyi, piyada mədəniyyətinin aşılanması” layihəsinin icrası müddətində digər maraqlı tədbirlərin də keçirilməsi nəzərdə tutulur.