“COP29 - Yaşıl Gələcək Naminə Meşələri Qoruyaq” layihəsinə start verib - FOTOLAR
“Mühit” Ekoloji Mühafizə İctimai Birliyi Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə həyata keçirdiyi “COP29 - Yaşıl Gələcək Naminə Meşələri Qoruyaq” layihəsinə may ayından etibarən start verib.
QHT.az xəbər verir ki, mayın 15-də Azərbaycan Turizm və Menecment Universitetində turizm ixtisası üzrə təhsil alan tələbələrlə “Ekoturizm” və “Meşələr” mövzusunda tədbir keçirilib. Tədbiri açan “Mühit” EMİB-nin sədri Əzizağa Hünbətəliyev layihənin mahiyyəti və tədbirlərin əhəmiyyəti haqqında məlumat verib, meşələrin qorunmasının həyati vacibliyindən danışıb. O, ötən ilin noyabr ayında ölkəmizdə keçirilən COP29 tədbirinin dünyada müsbət qarşılandığını və bu sahədə dövlətimizin üzərinə götürdüyü ekoloji öhdəlikləri iştirakçıların diqqətinə çatdırıb.
Tədbirdə iştirak edən Turizm və Menecment Universitetinin Karyera və Kommunikasiya şöbəsinin müdir müavini Məhəbbət Hacıyeva ekoturizmin prinsipləri və inkişafından bəhs edib, bu sahənin dünya turizm sənayesinin ən sürətli inkişaf edən sahələrindən biri olduğunu, ölkəmizin Ümumdünya Turizm Təşkilatı tərəfindən ən perspektivli region kimi qeydə alındığını vurğulayıb. Universitetin “Turizm Biznesi” kafedrasının müdiri Hafiz Hüseynov qeyd edib ki, meşəlik ərazilərə edilən səfərlər həmin ərazilərin çiçəklənməsinə deyil, əksinə, bəzən onların zərər görməsinə səbəb olur. Təəssüf ki, bəzi turistlər təbiətlə təmasda olduqda ekoloji öhdəliklərini unudaraq ətraf mühiti çirkləndirirlər. Meşəlik ərazilərə atılan plastik tullantılar meşənin flora və faunasına mənfi təsir göstərə bilər ki, bu da arzuolunmaz nəticələrə səbəb olur.
Universitetin “Turizm işinin təşkili” fakültəsinin tələbəsi Murad Əsədov ekoturizmin təşkili və həyata keçirilmə qaydaları barədə danışıb. Eyni fakültənin tələbəsi Nuray Hüseynova isə turizmin inkişaf perspektivlərini diqqətə çatdırıb. Layihənin eksperti, hüquqşünas Aydın Kərimov COP29 tədbirlərinin ölkəmizdə keçirilməsinin əhəmiyyətini vurğulayıb. O, meşələrin qəsdən yandırılması, qanunsuz ağac kəsilməsi, istehsalat və məişət tullantılarının meşə ərazilərinə atılması halları zamanı Cinayət və İnzibati Xətalar Məcəlləsinin müvafiq maddələrini izah edib.
Tədbirdə iştirakçıların çoxsaylı sualları cavablandırılıb, onları maraqlandıran mövzulara münasibət bildirilib.