Xəbərlər 15.05.2025 14:04 627

Sevgi, hörmət, məsuliyyət: Ailənin görünməyən sütunları / QHT psixoloqu yazır

Hər kəsin həyatda bir dayanacaq nöqtəsi var. Kimi bir dostda, kimi bir xatirədə, bəzən bir mahnıda tapar onu. Amma əsl sığınacaq — ailə — heç nəyə bənzəməz. O, nə sadəcə bir evi paylaşmaq, nə də eyni soyadı daşımaqdır. Ailə, içində təhlükəsizlik, şəfqət, bağlılıq və hörmət olan görünməz bir bağdır. İnsanı bütün fırtınalardan qoruyan sakit bir limandır.

Ailə dəyərləri dedikdə, ilk öncə sevgi, hörmət və məsuliyyət gəlir ağla. Bunlar təkcə bir nizam yaratmır, həm də nəsillər boyu ötürülən mənəvi miras olur. Valideynlərin övladlarına verdiyi tərbiyə, onların həyat boyu özlərini və başqalarını necə anlayacağını formalaşdırır.

Bəzən ailə içində susqunluqlar olur, bəzən anlaşılmazlıqlar. Amma bu dəyərlər varsa, barışmaq, dinləmək, sevmək hər zaman mümkündür. Ailənin təməlində isə bu cümlə yatır: “Sənin xoşbəxtliyin mənim üçün önəmlidir.”

Ailə dəyərləri yalnız çətin günlərdə deyil, hər gündə yaşanmalıdır. Səhər bir fincan çayı paylaşmaq, axşam birgə susmaq belə ailənin təməlini gücləndirir. Uşağın “evimizdə səs çox çıxmır, amma ürəyimiz bir yerdə döyünür” deməsi bəzən min sözə dəyər.

Unutmayaq ki, ailə dəyərləri həyatın ən dərin köküdür. O kök nə qədər sağlam olsa, insan da o qədər yerində və güvəndə olar.

 

Samirə İsmayılova 

“Qadın Təşəbbüsü və Sosial Problemlərin Həllinə Yardım” İctimai Birliyinin Psixoloqu


Paylaş
QHT TV
Elanlar
Son xəbərlər
Qrantlar
Təbriklər
Başsağlığı