Xəbərlər 15.05.2025 21:18 75

Şəhid Anar Novruzovun xatirəsi anıldı - MASALLIDA

Şəhid Anar Novruzovun xatirəsi anıldı - MASALLIDA

 

Masallıda, Aprel və Tovuz döyüşləri qəhrəmanı, 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordenli şəhid mayor Anar Novruzovun anadan olmasının 49-cu ildönümü ilə əlaqədar tədbir keçirildi.
Masallı Dövlət Regional Kolleci və rayon mədəniyyət mərkəzinin təşkilatçılığı ilə gerçəkləşən tədbirdə rayon rəsmiləri, yaradıcı insanlar, şəhidin doğmaları, mədəniyyət işçiləri, ictimaiyyət və media nümayəndələri, gənclər iştirak edirdi.
Əvvəlcə dövlət himnimiz səsləndirildi, torpaqlarımızın bütövlüyü uğrunda şəhid olan Vətən övladlarının xatirəsi ehtiramla anıldı.
Masallı Dövlət Regional Kollecinin direktoru, filologiya üzrə fəlsəfə doktoru Rövşən Qurbanov, Yeni Azərbaycan Partiyası Masallı rayon təşkilatının sədri Seyfəddin Əliyev Anar Gülverdi oğlu Novruzovun keçdiyi döyüş yolundan, İyul  döyüşlərinin əhəmiyyəti, Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə 44 günlük Vətən müharibəsində qazanılan böyük Zəfərdən söz açıb, şəhidin qəhrəmanlıq nümunəsinin yeni nəsl üçün örnək olduğunu bildirdilər.
Çıxışlarda Anar və onun kimi şəhidlərimizin qanının yerdə qalmadığı, torpaqlarımızın azadlığı uğrunda canından keçən oğullarımızın xatirəsinin daim qəlblərdə yaşayacağı vurğulandı. 
Sonra Azərbaycan Yazıçılar Birliyinin üzvü, Prezident təqaüdçüsü, şair-publisist Güləmail Muradın qələmə aldığı “Akula ləqəbli kəşfiyyatçı” kitabının təqdimatı oldu.
Müəllif kitab haqqında məlumat verdi, şeirlərini oxudu.  
AYB-nin Bədii Tərcümə və Ədəbi Əlaqələr Mərkəzinin sədri Əsəd Cahangir, şair-publisist Elnur Uğur düşmənin qəniminə çevrilən qorxubilməz Vətən oğlu Anar Novruzov haqqında tanınmış vətənpərvər şair G.Muradın yazdığı kitabın gənc nəsil üçün təkcə qəhrəmanlıq nümunəsi olduğunu diqqətə çatdırdılar. 
Daha sonra Masallı Dövlət Regional Kollecinin tələbələrinin iştirakı ilə şəhid mayora həsr olunmuş ədəbi-bədii kompozisiya nümayiş olundu, şəhidin vaxtilə təhsil aldığı Ərkivan qəsəbə 1 saylı tam orta məktəbi şagirdlərinin ifasında şeirlər, Nizami Gəncəvi adına Masallı Rayon Mədəniyyət Mərkəzinin solistləri Atamoğlan və Ruslan Zahidovların ifasında vətənpərvərlik mövzusunda mahnılar səsləndi.
Şəhidin qardaşı Sücəddin Novruzov, oğlu Nihad Novruzov dövlət tərəfindən şəhid ailələrinə göstərilən diqqət və qayğıya görə dövlətimizin başçısına, eləcə də  tədbirin təşkilatçılarına minnətdarlıq bildirdilər.

 

Akif AĞAYEV

 

foto: Elsevər Əliyev

(istinad mütləqdir)


Paylaş
QHT TV
Elanlar
Son xəbərlər
Qrantlar
Təbriklər
Başsağlığı