Bu il əlilliyi olan daha 400-dək şəxsə reabilitasiya vasitələri yaşadıqları ünvanlara aparılaraq çatdırılıb
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən bu il əliliyi olan daha 400-dək şəxsə ehtiyac duyduqları reabilitasiya vasitələri yaşadıqları ünvanlara aparılaraq təqdim edilib.
Onlara mühərrikli təkərli oturacaq, açıq və qapalı məkanda, sanitar-təchizatlı təkərli oturacaq, aşağı ətraf protezi, ortopedik və protez ayaqqabı, süd vəzi protezi, hərəkətli qaldırıcı qurğu, əsa, dördayaqlı dayaq vasitəsi, dirsəkaltı və qoltuqaltı ağac və s. olmaqla ümumilikdə 1000-dən çox reabilitasiya vasitəsi verilib.
Qeyd edək ki, ehtiyac duyduqları reabilitasiya vasitələrini almaq üçün özlərinin, yaxud yaxınlarının Bakıya, Protez-Ortopedik Bərpa Mərkəzinə gələ bilmək imkanı olmayan fiziki məhdudiyyətli insanlara bu vasitələr ünvanlarına aparılaraq çatdırılır. Bu istiqamətdə tədbirlər qarşıdakı dövrdə də davam etdiriləcək.