Sadiq Qurbanov: “Azərbaycan-Çin əlaqələrinin yeni strateji mərhələsi geosiyasi və regional perspektivlər vəd edir”
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Çinə səfərini şərh edən Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədri Sadiq Qurbanov saytımıza açıqlamasında qeyd edib ki, Azərbaycan-Çin Əlaqələrinin yeni strateji mərhələsi: İlham Əliyevin 2025-ci il aprel səfəri kontekstində geosiyasi və regional perspektivlər vəd edir.
QHT.az xəbər verir ki, S.Qurbaniov qeyd edib ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2025-ci ilin aprelində Çinə etdiyi rəsmi səfəri iki ölkə arasında strateji tərəfdaşlığın yeni mərhələsini ifadə etməklə yanaşı, həm də qlobal və regional geosiyasi proseslər fonunda Azərbaycan diplomatiyasının çoxvektorlu xarakterini bir daha nümayiş etdirdi. Çin Xalq Respublikasının Sədri Si Cinpin ilə keçirilən yüksək səviyyəli görüşdə Azərbaycanla Çin arasında “Əhatəli Strateji Tərəfdaşlıq” münasibətlərinin qurulması haqqında razılaşma, beynəlxalq münasibətlər sistemində çoxtərəfli əməkdaşlığın, iqtisadi qarşılıqlı asılılığın və siyasi sabitliyin təşviqinə yönəlmiş mühüm addım oldu.
Prezident İlham Əliyev bu görüşdə bildirmişdir: “Azərbaycan və Çin arasında münasibətlər qarşılıqlı etimad və dostluq prinsiplərinə əsaslanır. Biz bu əlaqələri daha da inkişaf etdirmək əzmindəyik.”
Bu çərçivədə imzalanan 20-dən çox sənəd, hüquq, enerji, nəqliyyat, yaşıl texnologiyalar, rəqəmsal iqtisadiyyat və humanitar sahələri əhatə edir. Xüsusilə, “Çin-Avropa Dəmir Yolu Ekspresi” üçün Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutlarının inkişafına dair Anlaşma Memorandumu Azərbaycanın geosiyasi mövqeyini daha da möhkəmləndirir.
Prezident Əliyev çıxışında Azərbaycanın bu təşəbbüsdə oynadığı rolu belə ifadə etmişdir:
“Azərbaycan, Çin ilə əməkdaşlıq çərçivəsində nəqliyyat və logistika sahəsində mühüm layihələr həyata keçirir. Bu, regionun iqtisadi inkişafına və əlaqələrin güclənməsinə töhfə verir.”
Bu sənəd Azərbaycanın coğrafi üstünlüklərindən istifadə edərək Avropa ilə Çin arasında mühüm logistik və ticarət körpüsünə çevrilməsi baxımından strateji mahiyyət daşıyır. Avropa İttifaqı ilə artıq dərinləşməkdə olan enerji və nəqliyyat əməkdaşlığını nəzərə alsaq, bu razılaşma Azərbaycanın həm Şərqlə, həm də Qərblə balanslaşdırılmış siyasətinin nəticəsi kimi çıxış edir. Azərbaycan həm Avropa enerji təhlükəsizliyində mühüm rol oynayır, həm də Çinin “Bir Kəmər – Bir Yol” təşəbbüsündə aktiv tərəfdaş olaraq mövqeyini gücləndirir. Bununla yanaşı, Prezident Əliyev yaşıl enerji və davamlı inkişaf sahəsində də əməkdaşlığın genişlənməsinin vacibliyini vurğulamışdır: “Azərbaycan, yaşıl enerji sahəsində böyük potensiala malikdir və bu sahədə Çin ilə əməkdaşlığı genişləndirmək niyyətindəyik.”
Sadiq Qurbanov bu əməkdaşlığın Cənubi Qafqazın da regional inteqrasiya potensialına töhfə verir. Azərbaycan vasitəsilə Cənubi Qafqaz regionu Çinlə Avropa arasında əsas keçid məntəqəsinə çevrilə bilər. Bu isə region ölkələrinin, xüsusilə də Ermənistan və Gürcüstanın tranzit imkanlarını artırmaqla, iqtisadi asılılıqların azaldılması və yeni inkişaf platformalarının qurulması baxımından əhəmiyyətli olduğunu bildirmişdir. Millət vəkili sonra qeyd edir ki, Azərbaycan-Çin münasibətləri, təkcə ikitərəfli əlaqələr kontekstində deyil, həm də regional sabitlik, iqtisadi inkişaf və çoxqütblü dünya nizamının formalaşması kontekstində strateji əhəmiyyət daşıyır.