İradə Rizazadə: "Vətəndaş məmnunluğuna gedən yol ictimai iştirakçılıqdan keçir"
“Vətəndaşların Sosial Rifahı Naminə” İctimai Birliyinin sədri, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında İctimai Şuranın üzvü İradə Rizazadə QHT.az-a açıqlamasında ictimai iştirakçılığın gücləndirilməsi istiqamətində atılan addımlardan danışıb.
Onun sözlərinə görə, İctimai Şura olaraq əsas fəaliyyətlərdən biri monitorinqlərin keçirilməsi, vətəndaşlarla birbaşa görüşlərin təşkilidir: “Bu görüşlər zamanı biz onların müraciətlərini, üzləşdikləri problemləri dinləyir və aidiyyəti qurumlara çatdırırıq. Beləliklə, vətəndaş məmnunluğu istiqamətində real nəticələr əldə edilir” – deyə İradə Rizazadə bildirib.
O qeyd edib ki, ictimai dinləmələrin təşkili də vacib istiqamətlərdən biridir: “Bu günə qədər müəyyən dinləmələr aparmışıq, lakin bu il onların sayının artırılması planlaşdırılır. Sosial sahədə fəaliyyət göstərən QHT-lərlə əməkdaşlıq bizə imkan verir ki, daha geniş vətəndaş qruplarının səsini eşidək və onların problemlərini müvafiq dövlət qurumlarının diqqətinə çatdıraq.”
İradə Rizazadə əlavə edib ki, İctimai Şura qarşıdakı dövrdə də vətəndaş cəmiyyətinin gücləndirilməsi, şəffaflıq və hesabatlılığın təmin olunması istiqamətində fəal fəaliyyətini davam etdirəcək.
Pərvanə Fərhadqızı