Bank kartları vasitəsilə dələduzluq halları artır – QHT sədri xəbərdarlıq edir
Azərbaycanda bank kartları vasitəsilə dələduzluq halları artmaqda davam edir. Bu barədə QHT.az-a açıqlamasında İqtisadi Resursların Öyrənilməsi İctimai Birliyinin sədri Ruslan Atakişiyev bildirib.
Onun sözlərinə görə, son dövrlərdə bank sektorunda kibertəhlükəsizlik sahəsində mühüm işlər aparılır. Mərkəzi Bank və banklar bu sahədə yeni sistemlərin formalaşdırılması istiqamətində fəaliyyət göstərirlər. Lakin kibercinayətkarlar da texnoloji inkişafdan, xüsusilə süni intellektin imkanlarından istifadə etməklə yeni fırıldaq üsullarını tətbiq edirlər.
Ruslan Atakişiyev qeyd edib ki, bu gün kart məlumatlarının oğurlanması halları daha çox vətəndaşlara edilən saxta zənglər və "mükafat" vədləri ilə həyata keçirilir: "Müştərilərə zəng vurularaq onlara mükafat qazandıqları bildirilir, nəticədə onlar bank kartı məlumatlarını könüllü şəkildə təqdim edirlər. Bu zaman məsuliyyət bankın deyil, müştərinin üzərinə düşür."
Ekspert süni intellektin inkişafı ilə yeni risklərin yarandığını vurğulayıb: "Hətta bəzi hallarda cinayətkarlar səs tanıma texnologiyalarından istifadə edərək yaxın adamların səsini təqlid edir və insanları aldadırlar. Telefonla əlaqə zamanı şəxsi məlumatlar, bank kartı məlumatları, kodlar oğurlana bilər."
Ruslan Atakişiyev hesab edir ki, bu cür halların qarşısını almaq üçün bankların texnoloji imkanları artırılmalı və ictimai maarifləndirmə tədbirləri gücləndirilməlidir.
"Əvvəllər birbaşa insanla təmas vasitəsilə məlumat əldə olunurdusa, indi bu proses daha təkmilləşmiş virtual alətlərlə həyata keçirilir. Ona görə də tanımadığınız şəxslərlə telefonla danışmaqdan çəkinmək və xarici nömrələrə cavab verməmək tövsiyə olunur," – deyə ekspert əlavə edib.
O, xüsusilə Afrika ölkələrinin nömrələrindən gələn beynəlxalq zənglərin daha çox bu cür fırıldaqçılıq məqsədilə istifadə edildiyini vurğulayıb və vətəndaşları diqqətli olmağa çağırıb.
Pərvanə Fərhadqızı
QHT.az