Xəbərlər 14.04.2025 16:23 461

Gülnarə Hüseynova – Hemofiliya ilə mübarizədə həyatını həsr edən qadın // I hissə

 Səssiz başlanğıc

Bəzən ən gur dəyişikliklər səssiz addımlarla başlayır. Bu yazı da elə belə bir səssizliyin içindən doğan gücün – Gülnarə Hüseynovanın hekayəsinin başlanğıcıdır...

Azərbaycanın vətəndaş cəmiyyətində elə şəxsiyyətlər var ki, onların fəaliyyəti təkcə rəqəmlərlə deyil, həyatlara toxunan dəyişikliklərlə ölçülür. Gülnarə Hüseynova məhz belə insanlardandır – Hemofiliyalı Xəstələrin Respublika Assosiasiyasının qurucusu və rəhbəri kimi 25 ildən artıq bir müddətdə təkcə hemofiliyalı şəxslərə deyil, bütövlükdə səhiyyə və cəmiyyətə töhfələr verən fədakar bir şəxs.

“Məktəb illərində sakit, təmkinli bir qız idim” – deyir Gülnarə xanım. O sakit təmkinin arxasında isə zamanla güclü iradə, ictimai məsuliyyət və böyük ürək gizlənirdi. Elə bir ürək ki, illərlə xəstəxana dəhlizlərində göz yaşı axıdan anaların harayına çevrildi, pasiyentlərin haqqını qoruyan səsə dönüştü.

O təmkinli qız illər sonra ölkənin ən çətin səhiyyə məsələlərindən birini – hemofiliya ilə bağlı problemi – cəmiyyətin diqqətinə çatdırmağı bacaran döyüşkən bir xanıma çevrildi. O, təkcə bir vətəndaş deyil, minlərlə ailənin ümidi, cəmiyyətə yön verən dəyişikliklərin daşıyıcısı oldu.

I hissə

Həyatın dönüş nöqtəsi

Bugünkü müsahibəmizdə ictimai fəaliyyət sahəsində uzun illərini sərf etmiş, cəmiyyətdə böyük izlər buraxmış Hemofiliyalı Xəstələrin Respublika Assosiyasiyasının İdarə Heyətinin üzvü, icraçı direktor Gülnarə Hüseynova ilə bir araya gəlirik. Onun həyat hekayəsi yalnız peşəkar uğurlarla deyil, həm də şəxsi həyatında qarşılaşdığı çətinliklər və ailə dəstəyi ilə zəngindir. İctimai sektorda fəal olan, eyni zamanda ailə və həyat tərzində özünəməxsus yanaşmaları ilə seçilən Gülnarə xanım həmkarlarına və cəmiyyətə örnək olmağı bacarıb.

Müsahibəmiz xüsusi bir zaman kəsiyində – Gülnarə Hüseynovanın 60 illik yubileyi ərəfəsində baş tutur.

Bu görüş həm illərin zəhmətinə ehtiram, həm də ictimai fəallığın arxasındakı insanın daha yaxından tanınması üçün fürsət oldu. Yubiley təkcə bir yaş göstəricisi deyil, həm də onun həyat və` fəaliyyət yoluna işıq tutan mənəvi dönüm nöqtəsidir.

Uşaqlığı və gəncliyi başqa bir ruhda keçib. Bakıda anadan olmuş, məktəb illərində sakit və təmkinli bir qız kimi tanınıb.

Gələcəkdə həkim olmağı arzulasa da, o dövrün çətinlikləri və qəbul qorxusu onu biologiya fakültəsinə yönəldib. “Bəlkə üçüncü kursdan sonra keçərəm,” – deyə düşündüyü bu yol, əslində onu tamam başqa bir taleyə aparırmış. Bu gün isə deyir: “Yaxşı ki, həkim olmamışam. Əks halda, bəlkə də kolleqalarıma qarşı çıxmalı olardım.” Çünki o, şəraiti dəyişmək, problemi kökündən həll etmək istəyirdi və bu, yalnız həkim olmaqla deyil, cəsarətli bir vətəndaş mövqeyi ilə mümkün idi.

QHT Foto

Fəaliyyətin başlanğıcı və ailə dəstəyi

Keçmişə boylananda Gülnarə Hüseynovanın göz önündə bir tablo canlanır: xəstəxana dəhlizləri, şəraitsiz palatalar, qanaxmadan əziyyət çəkən xəstələr... Onun yaddaşına ən dərin iz salan məhz bu mənzərələr olub. “Elə bilirəm ki, həyatım 30 yaşımda başlayıb,” – deyə səmimi etiraf edir. Ondan əvvəlki illər qayğısız və sakit keçsə də, ailəsində baş verən bir hadisə hər şeyi dəyişir. Əvvəlcə qardaşında hemofiliya aşkarlanır – bu, onun üçün ilk böyük sarsıntı olur. Ardınca isə həyatın növbəti sınağı gəlir: bu dəfə öz oğlu Ayazda da eyni diaqnoz təsdiqlənir.

Bu iki paralel taleyüklü hadisə – həm bacı, həm ana kimi yaşadığı ağrı – Gülnarə xanımın içində böyük bir dönüş yaradır. O, sadəcə müşahidə edən bir insan olmaq istəmir.

Gülnarə Hüseynovanın həyat yolunda ailənin rolu az qala öz missiyası qədər önəmlidir. O, bu yola tək çıxmayıb – ilk addımlarda yanında ən yaxınları olub. Rəhmətlik atası – ailə başçısı – onun həm mənəvi dayağı, həm də yol göstərəni idi. Həyat yoldaşı, hətta qayınanası belə bu yolda ona mənəvi dəstək veriblər. Onların ailəsi təkcə qan bağları ilə birləşməyib – ortaq məqsəd, ortaq ağrı və ortaq məsuliyyətlə də bərabər olub.

Amma həyat və şərait onu addım atmağa vadar etdi. Həmin təmkinli məktəbli qız, zamanla pasiyentlərin hüquqları uğrunda cəsarətlə danışan, çəkinmədən haqsızlıqlara qarşı çıxan bir liderə çevrildi. Bu çevrilmə – təkamül deyil, həm də bir iradə tarixidir.

Elə bir məqam gəlib ki, ya ailə xaricə üz tutmalı, ya da ölkədə bu çarəsizliyə bir çıxış yolu tapmalı idi.

Bu qərar nöqtəsində tanışlar – bir ideyanın cücərməsinə səbəb olurlar: “Niyə təşkilat yaratmırsınız? Həm özünüzə kömək olar, həm də başqalarına.” Bu cümlə sadə idi, amma Gülnarə xanımın ömrünü dəyişəcək qədər güclü idi. Təşkilat ideyasının ilk addımlarında atasının dəstəyi olsa da, o, tərəddüd edirdi: “Alınmaz…” Amma həyat və inam sübut etdi ki, alınacaq – və nəinki alındı, hətta yüzlərlə insana həyat, ümid və dayaq oldu.

 

Bu yolda onun elmi bilikləri də güclü dayaq rolunu oynadı. Biologiya fakültəsində aldığı təhsil – genetika, laborator müayinə və xəstəliklərin gedişi ilə bağlı baza bilikləri – ona bu sahəyə yalnız şəxsi motivasiya ilə deyil, həm də rasional və elmi yanaşma ilə daxil olmağa şərait yaratdı. Beləliklə, Gülnarə Hüseynova zamanla həm emosional gücü, həm də intellektual hazırlığı ilə fərqlənən bir şəxsə çevrildi.

 

İnsan üçün deyil, insanlar üçün yaşamaq

İllər sonra, bu yola çıxmazdan əvvəlki yaşına – 20 yaşındakı özünə dönüb baxanda, Gülnarə xanım sadə bir arzunu xatırlayır: “15 uşağım olsun – biri mühəndis, biri həkim...” Gülümsəyərək deyir ki, o zaman karyera haqqında deyil, xoşbəxtlik haqqında düşünürdü. Amma həyat onu fərqli bir yolla – çox daha məsuliyyətli, cəmiyyətə xidmət yolu ilə qarşılayıb. İndi anlayır ki, insan yalnız öz xoşbəxtliyi üçün deyil, başqalarının həyatına da dəyər qatmaq üçün yaşayır.        

 

Onun həyat yolunda qürur duyulası çox anlar olub.  Hər bir zəhmət və mübarizə nəticəsində əldə edilən nailiyyətlər bu hissin təbii nəticəsidir. Amma Gülnarə xanım üçün bu gün ən böyük qürur mənbəyi – bugünkü gənclərdir. Onların açıq düşüncəsi, dəqiq hədəfləri və möhkəm əqidələri onun gələcəyə olan inamını daha da möhkəmləndirir. Bu gənclərdən biri də onun oğlu Ayazdır. “O, mənim fəaliyyətimin bir növ nəticəsidir,” – deyir Gülnarə xanım və bu sözlər təkcə analıq duyğusunu deyil, həm də bir ideyanın davamçısına duyulan inamı ifadə edir.

Cəsarət Hüseynzadə
Pərvanə Fərhadqızı
QHT.az

DAVAMI VAR


Paylaş
QHT TV
Elanlar
Son xəbərlər
Qrantlar
Təbriklər
Başsağlığı