QHT tərəfindən layihə çərçivəsində məktəblərdə maarifləndirici təlimlərə start verilib - FOTOLAR
Elm və Təhsil Nazirliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi və Gənclərin İnkişaf və Karyera Mərkəzinin dəstəyi ilə "Regional İnkişaf" İctimai Birliyi tərəfindən icra olunan “Məktəblərdə “Yaşıl Könüllük” Proqramının İcrası” layihəsi çərçivəsində məktəblərdə maarifləndirici təlimlərə start verilib.
QHT.az xəbər verir ki, aprelin 4-də Bakı şəhəri 192 nömrəli tam orta məktəbdə, aprelin 7-də Bakı şəhəri 216 nömrəli tam orta məktəbdə keçirilən təlimlərdə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ekoloji maarifləndirmə və kommunikasiya şöbəsinin müdiri Səyyarə Məmmədova tərəfindən iqlim dəyişikliyinin təsirləri, mövcud iqlim trendləri və iqlim dəyişmələrinin su ehtiyatlarına təsiri, Gənclərin İnkişaf və Karyera Mərkəzinin regional nümayəndəliklərlə iş şöbəsinin aparıcı mütəxəssisi Surə Əliyeva tərəfindən isə özünü inkişaf və karyera planlaması mövzuları haqqında şagirdlərə geniş məlumat verilib.
Qeyd edək ki, layihənin məqsədi məktəblilərin ekoloji savadlılığının artırılması, məsuliyyət hissinin inkişaf etdirilməsi ekoloji məsələlərə həssas yanaşmanın təşviq edilməsi və şəxsi inkişaf bacarıqlarının artırılmasına dəstək verilməsidir.