Xəbərlər 09.04.2025 14:27 154

Adil Nəsibov: “Ədəbiyyat insanı pozitivliyə kökləyir və saflaşdırır”

“Bəhram Nəsibov yaradıcılığının təbliği” İctimai Birliyinin sədri Adil Nəsibov QHT.az-a verdiyi açıqlamada ədəbiyyatın insan həyatında oynadığı mühüm rola toxunub.

QHT sədri bildirib ki, başqalarının həyatını örnək kimi göstərən, mənəvi saflaşma və dünyagörüşün inkişafına xidmət edən ədəbiyyat insanı pozitiv düşüncəyə yönəldir:

"Bu cür ədəbiyyat bugünkü günündən narazı olan insanın, ondan qat-qat acınacaqlı vəziyyətdə olan şəxslərin həyatını görərək həm şükür etməsinə, həm də çətin sınaqlardan çıxış yolları tapmağı öyrənməsinə səbəb olur. Bu, insana strategiya qurmağı və pozitivliyə köklənməyi aşılayır. Daim pozitiv düşünmək insanı sevməyə, yaratmağa səsləyir. Bu xoş aura sənətə də sirayət edir. Neqativliyə köklənmiş insanın əksinə olaraq, o, heç kimdə və heç nədə günah axtarmır, əksinə, davranışı və sənəti ilə sevgi saçmağa başlayır. Bu gün televiziya ilə yanaşı, sosial şəbəkələr də hər bir evin, hər bir ailənin çağırılmamış qonaqlarıdır. Milli mentalitetimizə görə gələn qonağa, kimliyindən və statusundan asılı olmayaraq “Xoş gəldin” deyilir, evə dəvət edilir və könlü xoş edilməlidir. Bu baxımdan izləyici sayının oxucu sayını üstələdiyi televiziya və sosial şəbəkələr reytinq naminə izləyicilərin çox olmasına və onların könlünün xoş edilməsinə çalışır".

Sosial mediada və televiziya məkanında mövcud vəziyyətə də münasibət bildirən A.Nəsibov qeyd edib ki, bu platformalar artıq hər bir evin və ailənin “çağırılmamış qonağına” çevrilib. Lakin reytinq və diqqət naminə təqdim olunan məzmunların keyfiyyəti ciddi narahatlıq doğurur:

"Təəssüf ki, izləyicilərin yarıdan çoxu düşünməkdən daha çox əylənməyə, dünyanın ən asan və effektsiz işi olan kimisə qınamaqla intellektual səviyyəsinin yüksək olduğuna özünü inandırmağa meyillidir. Bəzi vətənpərvər izləyicilər isə vətənpərvərliyi yalnız xalqı və dövləti tərifləməkdə görür. Düşünürəm ki, qınaq, qışqırıq, əyləncə adı altında əttökücü və alt qatda intim fikirləri aşılayan, qarşısındakı insanı alçaldan, həyata keçirdiyi layihələr əvəzinə yaşadığı bahalı həyat tərzini və geyimlərinin qiymətlərini nümayiş etdirənlər dünyanın hər yerində mövcuddur. Onların sayı az deyil. Onları tam passivləşdirmək üçün onların formatına qarşı xalqımızın böyüklüyünü göstərən məqamları xüsusi qabartmadan, mütəmadi olaraq verilişlərdə, seriallarda kiçik epizodlarla, adi və təbii şəkildə təqdim etmək lazımdır. Bu, ilk baxışda effektli görünməsə də, şüuraltı qatda dərin iz buraxacaq. Bu taktiki gedişlər ardıcıl şəkildə tətbiq olunarsa, nəticə verəcək. Torpağa əkilmiş toxum kimi bir müddət sonra yetişib məhsulunu verəcək".

 

Ardı var...

 

Pərvanə Fərhadqızı


Paylaş
QHT TV
Elanlar
Son xəbərlər
Qrantlar
Təbriklər
Başsağlığı