Xəbərlər 09.04.2025 14:59 153

"Milli dəyərlərin təbliğində QHT-lər üçün strateji yanaşmalar vacibdir" - QHT sədri

“Bəhram Nəsibov yaradıcılığının təbliği” İctimai Birliyinin sədri Adil Nəsibov QHT.az-a açıqlamasında vətənpərvərliyin və milli-mənəvi dəyərlərin təbliğində QHT-lərin üzərinə mühüm vəzifələr düşdüyünü bildirib.

Onun sözlərinə görə, bu sahədə həyata keçirilən layihələrdə məqsədyönlü və strateji yanaşmalardan istifadə olunmalıdır. Adil Nəsibov bildirib ki, layihələrin hazırlanması və icrasında təbliğ olunan ideyalarda milli dəyərlər layihənin komponenti kimi istifadə edilməklə nümunəvi dəyərlər ictimaiyyətə bu formada aşılanmalıdır. O qeyd edib ki, bəstəkar Bəhram Nəsibov I Qarabağ müharibəsində ön cəbhədə verdiyi konsertlərlə, döyüş ruhu aşılayan marşlarla və anaların adından yazıdığı “Ana məktubu” adlı mahnısı ilə əsgərlərə zəfər inamı aşılayıb:

"1992-ci ildə yazılmış bu mahnının toxumu Milli Qurtuluş Günü ilə, obrazlı desək, yaradılan münbit şərait sayəsində yetişdi və məhsulunu verdi. Bu baxımdan QHT-lərin layihələrində milli-mənəvi dəyərlərimizi və vətənpərvərlik toxumlarını xüsusi olaraq qabartmadan, lakin məqsədyönlü şəkildə yerləşdirilməsinə münbit şəraiti QHT-lərə Dövlət Dəstəyi Agentliyinin yaradacağına inanıram və lazım olarsa, təkliflərimi verməyə hazıram. Bu taktikadan biz 2023-cü ildə də istifadə etmişik. Ulu Öndər Heydər Əliyevin 100 illiyinə həsr edilmiş və QHT-lərə Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə icra etdiyimiz “Azərbaycançılığın musiqili təqdimatı” jurnalında bu yanaşma öz əksini tapıb. “Bəhram Nəsibov yaradıcılığının tənliyi” İctimai Birliyi həmin ildə “Heydər Əliyev ili”nə töhfə vermək məqsədilə bu jurnalın hazırlanmasını, nəşrini və təqdimat mərasiminin təşkilini həyata keçirmişdir".

Xüsusi olaraq vurğulanan bir məqam da budur ki, jurnalda xronoloji ardıcıllıq qəsdən pozularaq, 1988-ci ildə yazılmış və Heydər Əliyevin Qarabağ probleminin həllində yeganə ümid kimi göstərildiyi mahnı son bölməyə salınıb. Bununla verilən mesaj – bu günlərimizin “Yeni Milli Dirçəliş Günü” olması – oxucunun özü tərəfindən dərk edilməli və şüuraltı səviyyədə mənimsənilməli idi:

"Jurnalda bəstəkar Bəhram Nəsibovun Ulu Öndər Heydər Əliyevin qayıdışını alqışlayan şeiri, şəxsiyyəti və siyasətinə həsr etdiyi mahnı və marşları, qurucusu olduğu partiya haqqında, apardığı gənclər siyasəti, bayrağımıza münasibəti, Azərbaycan-Türkiyə münasibətləri haqqında hələ ifa edilməmiş mahnı və marşlarının mətnləri, not yazıları, bu mövzunu əks etdirən rəsm əsərləri, fotolar, yazılı məlumatlar və rəylər daxil edilib. Yeri gəlmişkən qeyd edim ki, Bəhram Nəsibov I Qarabağ müharibəsində əsgərləri ruhlandıran mahnı və marşlar yazıb, yaratdığı “Şahnaz” ansamblının adını vətənin dar günündə “Vətən” olaraq dəyişdirib və dəfələrlə ön cəbhədə çıxışlar edib. 44 günlük Vətən müharibəsində isə Müzəffər Ordumuz bəstəkarın “Qarabağ” mahnısı ilə qələbəyə kökləndi və bu mahnı Vətən müharibəsinin himninə çevrildi. Bəstəkar, həmçinin Qarabağ zəfərinin memarı olacaq şəxsə də mahnı həsr etmişdir".

 

Pərvanə Fərhadqızı

QHT.az


Paylaş
QHT TV
Elanlar
Son xəbərlər
Qrantlar
Təbriklər
Başsağlığı