Xəbərlər 03.04.2025 17:53 159

Elşad Məmmədov: İpoteka faizlərinin artmasının qarşısı alınmalıdır

İnnovativ İqtisadi Araşdırmalar İnstitutunun direktoru, professor Elşad Məmmədov ipoteka kreditləri ilə bağlı mövcud vəziyyəti dəyərləndirərək, faiz dərəcələrinin yüksəlməsinin əhali üçün ciddi maliyyə yükü yaratdığını vurğulayıb.

QHT.az xəbər verir ki, onun sözlərinə görə, ipoteka kreditləşməsinin ümumi kredit bazarındakı payının artması vacib olsa da, faiz dərəcələrinin yüksək olması sosial rifaha mənfi təsir edə bilər.

"Ipoteka faizlərinin endirilməsinə nail olmalıyıq. Çünki yüksək faizlər əhali üçün ağır yükə çevrilə bilər. Tikinti sektorunun inkişafı baxımından ipoteka kreditləşməsinin genişlənməsi işgüzar fəallığa müsbət təsir edə bilər, lakin faiz dərəcələrinin aşağı salınması vacibdir. Əks halda, əhalinin borclanması daha da artacaq və sosial rifaha mənfi təsirlər göstərəcək," – deyə professor qeyd edib.

Onun fikrincə, ipoteka şərtlərinin yumşaldılması və əlçatanlığın artırılması üçün müvafiq stimullaşdırıcı tədbirlər həyata keçirilməlidir:

"Əks halda, ipoteka kreditlərindəki çətinliklər həm sosial, həm də iqtisadi problemlərin dərinləşməsinə gətirib çıxara bilər".

Ekspertin sözlərinə görə, dövlət tərəfindən ipoteka kreditləri üçün daha əlverişli şərtlərin yaradılması və faizlərin aşağı salınması həm əhalinin mənzil təminatına, həm də ölkə iqtisadiyyatının balanslı inkişafına töhfə verə bilər.

 

Pərvanə Fərhadqızı


Paylaş
QHT TV
Elanlar
Son xəbərlər
Qrantlar
Təbriklər
Başsağlığı