“Cəmiyyətdə bizə inam olmasa, İctimai Şurada ola bilməzdik” - Elşad Məmmədov
"Ümman" Əlilliyi olan Uşaqlara Qayğı İctimai Birliyinin sədr müavini, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında İctimai Şuranın üzvü Elşad Məmmədov QHT.az-a açıqlamasında İctimai Şuranın fəaliyyətindən, cəmiyyətlə qurulan münasibətlərdən və vətəndaş etimadının əhəmiyyətindən danışıb.
Elşad Məmmədov bildirib ki, İctimai Şura nazirliklə vətəndaş cəmiyyəti, ictimaiyyət arasında körpü rolunu oynamalıdır və bu körpünün gücləndirilməsi üçün ilk növbədə nazirlik tərəfindən sağlam əməkdaşlıq impulsları önəmlidir: “Sevindirici haldır ki, İctimai Şurada təmsil olunduğum müddət ərzində bu impulsları gördüm, hiss etdim. Nazirliyin İctimai Şura ilə fəaliyyətdə effektiv, şəffaf platforma qurmasındakı müsbət rolunu xüsusilə qeyd etmək istərdim.”
O, həmçinin cəmiyyətin İctimai Şuraya olan inamından da bəhs edib: “Cəmiyyət bizə inanmasa, müraciətlər etməsə, fəaliyyətimizin effektivliyi sual altında qalardı. Hazırda bizə olan müraciətlərin çoxluğu bu etimadın bariz göstəricisidir.”
İctimai Şuranın üzvü kimi yenidən seçilməsini isə bu etimadın və fəaliyyətin məntiqi nəticəsi kimi qiymətləndirən Elşad Məmmədov öz təşəkkürünü də ifadə edib: “Bizi növbəti dəfə İctimai Şuraya seçən hər kəsə – həm Şura adından, həm də şəxsən öz adımdan təşəkkürümü bildirirəm.”
Pərvanə Fərhadqızı