Sahib Məmmədov: "Azərbaycan süni intellekt sahəsində regionun liderlərindən olacaq"
"Həyata keçirilən strateji tədbirlər Azərbaycanın süni intellekt texnologiyalarının inkişafı sahəsində regionun liderləri sırasına çıxmasına imkan verəcək. Bu yanaşma əmək bazarının müasir çağırışlara uyğunlaşmasına, yeni əmək vərdişlərinin formalaşmasına şərait yaradacaq".
QHT.az xəbər verir ki, bu sözləri bugün Bakı şəhərində Ümumdünya Əməyin Mühafizəsi Günü və ilk kollektiv müqavilənin 120 illiyinə həsr olunmuş "Rəqəmsallaşma və süni intellektin iş yerlərinə təsiri" mövzusunda beynəlxalq konfransda Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədri Sahib Məmmədov çıxışı zamanı bildirib. O, süni intellektin əmək bazarına təsirinə dair vacib məqamları diqqətə çatdırıb:
"Ekspertlərin proqnozları göstərir ki, yaxın illərdə süni intellekt əmək bazarında üstünlük qazanacaq. Təbii ki, texniki bacarıqları, müasir vərdişləri olmayan işçilər çətinliklərlə üzləşə bilərlər. Odur ki, biz dəyişikliklərə hazır olmalıyıq. Ölkəmizdə işçi qüvvəsinin müasir çağırışlara uyğunlaşdırılması və inklüziv məşğulluğun formalaşdırılması istiqamətində sistemli işlər aparılır. Təhlükəsiz və layiqli əmək şəraitində çalışan işçinin əmək məhsuldarlığı da yüksək olur. Bu isə, öz növbəsində, istehsal prosesinin ahəngdarlığına və effektivliyinə gətirib çıxarır".
Pərvanə Fərhadqızı