İbtidai sinif müəlliminin təhsildə rolu - QHT sədri yazır
İbtidai sinif müəlliminin bacarıqsızlığı və qeyri-peşəkar davranışı daha ciddi fəsadlara yol aça bilər. Əgər müəllim şagirdlər arasında sosial fərqlərə əsaslanaraq ayrı-seçkilik yaradır, maddi maraqlarını önə çəkərək rüşvət hallarına yol verirsə, bu, gələcəkdə onların təhsil nailiyyətlərinə və mənəvi dəyərlərinə ciddi təsir göstərir. Belə yanaşma nəticəsində şagirdlər arasında qruplaşmalar yaranır, onlar sosial ədalətsizliyə alışır və nəticədə sağlam tədris mühiti pozulur.
Təhsil alan uşaqlar müstəqil ölkənin vətəndaşlarıdır və onların qayğıya böyük ehtiyacları var. Cəmiyyətdə öz yeri olan uşaqların rolu və vəzifələri də mövcuddur. Buna görə də, onların hüquqları mütləq qorunmalıdır. Uşaq da cəmiyyətin bərabərhüquqlu bir subyektidir və onlarla amiranə tonda danışmaq müəllimin nüfuz və şərəfinə xələl gətirə bilər. Azərbaycan Respublikası 1992-ci ildə "Uşaq Hüquqları haqqında Beynəlxalq Konvensiya"ya qoşulmuşdur. Uşaqlar paralel olaraq həm hüquqlarını, həm də vəzifələrini dərk etməlidirlər. Onlara sərbəstlik və müstəqillik verilməlidir, lakin nəzarət hissi də unudulmamalıdır. "Uşaq hüquqları haqqında" Azərbaycan Respublikasının Qanununda qeyd edilir ki, uşaq azadlıq və şəxsi toxunulmazlıq hüququna malikdir.
Uşağın "psixoloji ərazisi"ndə ailə problemləri mühüm yer tutur. Müəllim bəzən bunu müəyyən etmədən bu əraziyə təsir göstərir və nüfuz edir. Uşaq bu psixoloji mühitdə baş verən hadisələri uzun müddət unutmur və daim xatırlayır. Ailədə baş verən hər bir hadisə, valideyn münasibətləri uşağın "psixoloji ərazisi"nə öz təsirini göstərir. Bəzən müəllim ailədəki dəyişiklikləri valideynlərdən daha tez hiss edir. Müəllim uşağın yaşadığı problemləri müşahidə etməli, ona dəstək göstərməli və onunla mehriban münasibət qurmalıdır.
İbtidai sinif şagirdləri üçün valideyn münasibətlərini öyrənmək müəllim üçün vacibdir, çünki bu, tərbiyə məsələlərinin düzgün aparılması baxımından əhəmiyyətlidir. Müəllim valideynləri məlumatlandıraraq onların ailədaxili münasibətlərinə diqqət yetirmələrini təmin etməlidir. Onlar unutmamalıdırlar ki, evdə böyüyən uşağın inkişafı valideyn münasibətlərindən asılıdır. Bu məqsədə çatmaq üçün müəllim güclü iradə, çeviklik, həssaslıq və psixoloji-pedaqoji vəziyyətdən asanlıqla çıxmaq bacarığına malik olmalıdır.
Təlimin məqsədi və vəzifələri, məzmunu, müəllim və şagirdlərin imkanlarından asılı olaraq qavrama, anlama, möhkəmləndirmə və tətbiqetmə ünsürlərinin tətbiqində ardıcıllıq dəyişə bilər. Təlimin inkişafetdirici məqsədi şagirdin intellektual və yaradıcı qabiliyyətini üzə çıxarmaq, onun fərdi xüsusiyyətlərini inkişaf etdirməkdir. Təhsil materiallarının öyrənilməsində məqsədlərə nail olmaq üçün şagirdlər konkret idrak fəaliyyətinə cəlb olunmalı, analiz və araşdırmalar aparılmalıdır. Fənlərarası əlaqələri nəzərə almadan uğurlu tədris prosesi qurmaq mümkün deyil. Şagirdin hərtərəfli inkişafı və təfəkkürünün genişlənməsi tədris prosesinin əsas məqsədlərindən biri olmalıdır.
İbtidai sinif müəllimi geniş dünyagörüşə, əhatəli biliyə və pedaqoji bacarığa malik olmalıdır. O, təsviri incəsənəti və texnologiyanı yaxşı bilməli, əyani vəsaitlərin hazırlanmasında çətinlik çəkməməlidir. İbtidai sinif müəllimi olmaq əsl fədakarlıq tələb edir. Kiçik yaşlı uşaqlarla işləmək xüsusi yanaşma tələb edir və müəllim şagirdlərin maraq dairəsinə uyğun məsələlərdə onların suallarına cavab tapmağa çalışmalıdır.
Şagirdlərin diqqət və marağını cəlb etmək müəllimdən şəxsi bacarıq və istedad tələb edir. Təkcə yaxşı dərs keçməklə bunu təmin etmək çətindir. Doğrudur, müəllim maraqlı dərs apararsa, şagirdlərin diqqətini cəlb edə bilər, lakin bunu uzun müddət saxlamaq üçün daha çox səy göstərilməlidir. Uşaqların diqqəti onların maraqları ilə sıx bağlıdır. Maraqlar diqqətin güclənməsinə səbəb olur və nəticədə şagirdlərin inkişafına təkan verir. Şagirdlərin maraq və meylini öyrəndikdən sonra onların təlimdə daha fəal iştirak etməsini təmin etmək mümkündür.
İbtidai sinif müəlliminin xarakteri şagirdlərə sirayət edir və onların şəxsiyyətinin formalaşmasında mühüm rol oynayır. Müəllim öz müsbət keyfiyyətlərini könüllü şəkildə nümayiş etdirməlidir ki, şagirdlər bunları nümunə götürsünlər. Şagirdlərin psixoloji vəziyyətini anlamaq üçün müəllim onların hər biri haqqında fərdi məlumat toplamalı, ailə mühiti ilə maraqlanmalı və onlara mənəvi dayaq olmalıdır. Təhsil prosesində təlim ünsürlərinin qarşılıqlı əlaqəsinə laqeyd yanaşmaq mənimsəmənin səmərə və keyfiyyətini aşağı salır.
Təhsil sistemində pedaqoji və təlim texnologiyalarına məqsədyönlü yanaşan müəllimlərin bilik və bacarıqları yüksəldikcə, uzunmüddətli təhsil islahatlarının uğurlu icrası təmin olunur. Peşəkar müəllimlərin fəaliyyəti nəticəsində təhsil sahəsində aparılan islahatlar davamlı və effektiv olur. Müəllim öz təcrübəsi və qazandığı biliklər əsasında şagirdlər üçün əlverişli öyrənmə mühiti yaratmalıdır. Hər bir uğurun arxasında zəhmət dayanır, qabiliyyət və bacarıq isə bu zəhmətin nəticəsi olaraq üzə çıxır. İşə sevgi və həvəslə yanaşmaq müəllimin nüfuzunu artırır.
Lakin təhsil sistemində bəzi neqativ hallar da müşahidə olunur. Şagirdləri şablonçuluğa və əzbərçiliyə yönləndirmək onların bir müddət sonra öyrənməyə marağını azaldır, nəticədə isə onlar dərslərə qarşı laqeyd yanaşmağa başlayırlar. Xüsusilə ibtidai sinif müəlliminin bacarıqsızlığı və qeyri-peşəkar davranışı daha ciddi fəsadlara yol aça bilər. Əgər müəllim şagirdlər arasında sosial fərqlərə əsaslanaraq ayrı-seçkilik yaradır, maddi maraqlarını önə çəkərək rüşvət hallarına yol verirsə, bu, gələcəkdə onların təhsil nailiyyətlərinə və mənəvi dəyərlərinə ciddi təsir göstərir. Belə yanaşma nəticəsində şagirdlər arasında qruplaşmalar yaranır, onlar sosial ədalətsizliyə alışır və nəticədə sağlam tədris mühiti pozulur.
İbtidai təhsil dövrü şagirdlərin gələcək təhsil həyatında mühüm rol oynadığından, bu mərhələdə səriştəsiz müəllimlərin fəaliyyəti onların psixoloji və mənəvi inkişafına ciddi zərər vura bilər. İbtidai təhsildən düzgün istiqamət almayan şagirdlər yuxarı siniflərdə belə problemlərlə qarşılaşdıqda, ən peşəkar müəllimlər belə onların potensialını tam üzə çıxarmaqda çətinlik çəkə bilərlər. Buna görə də, məktəb rəhbərliyi və təhsil müəssisələrinə nəzarət edən qurumlar bu problemlərə biganə qalmamalı, ibtidai sinif müəllimlərinin peşə hazırlığına ciddi nəzarət etməlidirlər. Müəllimlər savadı, pedaqoji bacarıqları və düzgün tərbiyəvi yanaşması ilə gələcəyimizi formalaşdıran əsas qüvvədir və onların məsuliyyətsizliyi gələcək nəsillərin inkişafına mənfi təsir göstərə bilər.
Bütün bu məsələləri nəzərə alaraq, tədris prosesində qarşıya çıxan problemləri aradan qaldırmaq üçün müəllimlər təlimin prinsipləri və metodlarından daha effektiv istifadə etməli, müasir yanaşmalardan yararlanmalıdırlar. Hal-hazırda təlimin təşkili formalarına, məzmununa, qiymətləndirmə meyarlarına, pedaqoji idarəetmə sisteminə elmi və praktik baxımdan yenidən nəzər salınır. Milli və beynəlxalq təcrübə dəyərləri analiz edilərək, interaktiv və innovativ yanaşmalar tətbiq olunur.
Bu baxımdan, təhsil sisteminin keyfiyyətinin artırılması üçün ibtidai siniflərdən başlayaraq təlim-tərbiyə prosesinə xüsusi diqqət yetirilməli, müəllimlərin peşəkarlığı artırılmalı və tədrisdə yeni texnologiyalar daha səmərəli formada tətbiq edilməlidir. Və rüşvətsiz ibtiadi təhsil formalaşdırılmalıdır.
Gülnarə Vəlixanlı
Göyərçin Təhsilin inkişafına dəstək ictimai birliyi