FHN-in təşkilatçılığı ilə Ağstafa rayonunda kompleks mülki müdafiə təlimi keçirilib
Fövqəladə Hallar Nazirliyinin Gəncə Regional Mərkəzinin təşkilatçılığı ilə 2024-cü il üçün Hazırlıq planına müvafiq olaraq Ağstafa rayonunda “İrimiqyaslı fövqəladə hadisələrin nəticələrinin aradan qaldırılması zamanı mülki müdafiə orqan və qüvvələrinin idarə edilməsinin təşkili” mövzusunda kompleks mülki müdafiə təlimi keçirilib.
Təlimdə FHN-in Gəncə Regional Mərkəzinin rəisi polkovnik Elnur Məhərrəmov, Ağstafa Rayon İcra Hakimiyyətinin başçısı Seymur Orucov, FHN-in aidiyyəti yerli qurumlarının nümayəndələri, rayon Fövqəladə Hallar Komissiyası, İcra Hakimiyyətinin Mülki müdafiə qərargahı, idarə, müəssisə və təşkilatların rəhbərləri və mülki müdafiə sahəsinə cavabdeh şəxslər, rayonun mülki müdafiə xidmətləri, ərazi və obyekt mülki müdafiə dəstələri iştirak ediblər.
Təlimin keçirilməsində məqsəd fövqəladə hallar zamanı əhalinin və ərazilərin mühafizəsinin təşkili üçün mülki müdafiə tədbirlərinin effektli səviyyədə yerinə yetirilməsinin təmin edilməsi, mülki müdafiə qüvvələrinin idarə olunması ilə bağlı vaxtında və düzgün qərarların qəbul edilməsi, həmçinin xilasetmə işlərinin təşkili və aparılması üzrə şəxsi heyətin əməli vərdişlərinin daha da artırılmasından ibarət olub.
Əvvəlcə, kompleks mülki müdafiə təlimi ilə əlaqədar Ağstafa rayonunda təlim üçün nəzərdə tutulmuş qərargahda müşavirə keçirilib. Müşavirədə çıxış edən FHN Gəncə Regional Mərkəzinin rəisi polkovnik Elnur Məhərrəmov fövqəladə hadisələr zamanı mülki müdafiənin əhəmiyyəti, mülki müdafiənin təşkili və bu tədbirlərin icra vəziyyətindən danışaraq, göstərilən sahədə idarəetmə orqanlarının qarşılıqlı fəaliyyətinin vacibliyini vurğulayıb, fövqəladə halların nəticələrinin aradan qaldırılması istiqamətində qarşılıqlı fəaliyyətin zəruriliyindən bəhs edib.
Müşavirədə çıxış edən Ağstafa Rayon İcra Hakimiyyətinin başçısı Seymur Orucov təlimin vacibliyindən danışaraq, mülki müdafiə sahəsində qurumların birgə və əlaqələndirilmiş fəaliyyətinin əhalinin təhlükəsizliyinin təmin olunması istiqamətində mühüm rol oynadığını vurğulayıb.
Sonra kompleks mülki müdafiə təliminə start verilib. Təlim zamanı şərti irimiqyaslı fövqəladə hadisə zamanı Fövqəladə Hallar Nazirliyinin qüvvələri ilə hərbiləşdirilməmiş mülki müdafiə dəstələri arasında qarşılıqlı fəaliyyətin və əməliyyat qərargahının işinin təşkili, “xilasetmə və digər təxirəsalınmaz tədbirlər” uğurla həyata keçirilib.
Kompleks təlimə ümumilikdə 303 nəfərdən ibarət şəxsi heyət və 62 ədəd texnika cəlb edilib. Tədbirdə FHN-in qüvvələri, şəhərin mülki müdafiə dəstələri və xidmətlərinin qarşılıqlı fəaliyyəti yüksək səviyyədə təşkil edilməklə qarşıya qoyulmuş məqsədlərə nail olunub.