Elşad Məmmədov: "Azərbaycan və İtaliya arasında ticarət əlaqələri güclənir"
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında İctimai Şuranın rəhbəri, iqtisadçı alim Elşad Məmmədovun QHT.az-a verdiyi açıqlamada bildirilir ki, İtaliya Azərbaycanın ən iri xarici ticarət tərəfdaşıdır. Azərbaycanın əsas ixrac məhsulları olan neft və qaz kimi sahələrdə İtaliyanın rolu əvəzsizdir. İqtisadçı alim vurğulayıb ki, İtaliya ilə iqtisadi əlaqələrin inkişafı ölkəmizin ticarət dövriyyəsinə müsbət təsir göstərməyə davam edir. İtaliya ilə münasibətlərə xüsusi önəm verilməsi isə gələcəkdə iki ölkə arasındakı əməkdaşlığın daha da möhkəmlənəcəyini göstərir.
Qeyd edək ki, Azərbaycan Prezidenti İlham Əliyev İtaliyaya işgüzar səfəri çərçivəsində enerji sektorunda iki ölkə arasında əməkdaşlığın genişləndirilməsi müzakirə olundu. Azərbaycanın neft və qaz ehtiyatları İtaliyanın enerji təchizatında mühüm rol oynamağa davam edir. Bununla yanaşı, gələcəkdə bu əməkdaşlığın digər enerji sahələrini, xüsusilə bərpa olunan enerji mənbələrini də əhatə etməsi planlaşdırılır. Prezident İlham Əliyevin səfəri çərçivəsində İtaliya ilə iqtisadi əlaqələrin dərinləşməsi, strateji layihələrin reallaşması və Azərbaycanın xarici ticarət dövriyyəsinin artırılması istiqamətində mühüm addımlar atılması gözlənilir.
Pərvanə Fərhadqızı
QHT.az