Qubada "İrəvanın yaddaşı" layihəsi çərçivəsində təlim keçirilib - FOTOLAR
Bu gün Quba şəhərində yerləşən Heydər Əliyev Mərkəzində Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin maliyyə dəstəyi və Tarix sahəsində Maarifləndirməyə Dəstək İctimai Birliyinin təşkilatçılığı ilə "İrəvanın yaddaşı: Qədim yurdda Azərbaycan izləri" layihəsi çərçivəsində təlim keçirilib.
QHT.az xəbər verir ki, təlimin məqsədi İrəvanın tarixi və mədəni irsi haqqında geniş məlumat vermək, iştirakçıların maariflənməsini təmin etmək və bu sahədə biliklərini artırmaq olub. Tədbirdə tanınmış tarixçilər, mədəniyyət sahəsində mütəxəssislər və yerli ictimaiyyətin nümayəndələri iştirak ediblər. Təlim zamanı iştirakçılara İrəvanın tarixi, orada yaşayan azərbaycanlıların mədəni irsi və bu irsin qorunub saxlanılması istiqamətində görülən işlər haqqında ətraflı məlumat verilib. İştirakçılar İrəvanın müxtəlif dövrlərini, burada baş verən tarixi hadisələri və mədəniyyət nümunələrini öyrəniblər.
Daha sonra layihə çərçivəsində hazırlanan qısa sənədli videoçarxlar nümayiş etdirilib. Bu videoçarxlar vasitəsilə iştirakçılar İrəvanın tarixi abidələri, məscidləri, muzeyləri və digər mədəniyyət ocaqları haqqında vizual məlumatlar əldə ediblər. Videoçarxlar iştirakçılar tərəfindən maraqla izlənilib və müzakirələrə səbəb olub. Təlimin sonunda layihə çərçivəsində hazırlanan iravanculture.com saytının təqdimatı keçirilib. Sayt İrəvanın tarixi və mədəni irsi haqqında geniş məlumatlar, məqalələr, foto və video materiallar, həmçinin interaktiv xəritələr təqdim edir. Saytın təqdimatı iştirakçılar tərəfindən yüksək qiymətləndirilib və saytın gələcəkdə daha da inkişaf etdirilməsi üçün təkliflər irəli sürülüb.
Təlim iştirakçıları bu cür maarifləndirmə tədbirlərinin vacibliyini vurğulayıblar və gələcəkdə də bu istiqamətdə işlərin davam etdirilməsini arzulayıblar. Layihənin təşkilatçıları isə bu cür tədbirlərin sayını artırmaq və daha geniş auditoriyaya çatdırmaq niyyətində olduqlarını bildiriblər.
Pərvanə Fərhadqızı