Uşaq Səfirlər Məclisinin Cəlilabad üzrə nümayəndəsi tərəfindən “Xocalı – XX əsrin faciəsi” adlı tədbir keçirilib. Uşaq Səfirlər Məclisinin Cəlilabad Rayonu üzrə nümayəndəsi Nuray Məmmədlinin təşəbbüsü, Cəlilabad Rayon İcra Hakimiyyətinin dəstəyi ilə Cəlilabad Rayon Heydər Əliyev Mərkəzində “Xocalı – XX əsrin faciəsi” adlı tədbir keçirilib.

QHT.az xəbər verir ki, əvvəlcə Dövlət himni səsləndirilib, şəhidlərimizin və Xocalı faciəsi qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Cəlilabad Rayon İcra Hakimiyyətinin məsul şəxsi Günay İbadova: "Bu cinayət Ermənistanın məqsədli və düşünülmüş şəkildə həyata keçirdiyi etnik təmizləmə siyasətinin tərkib hissəsidir. Xocalı soyqırımı qurbanlarının və bütün şəhidlərimizin qisası Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Ordumuz tərəfindən 44 günlük Vətən müharibəsində və 19 sentyabr 2023-cü ildə keçirilən antiterror əməliyyatı zamanı alınıb, Azərbaycan öz suverenliyini bərpa edib".

Uşaq Səfirlər Məclisinin Cəlilabad Rayonu üzrə nümayəndəsi Nuray Məmmədli: "Xocalı soyqırımında 613 vətəndaşımızın, o cümlədən 106 qadın, 63 uşaq və 70 qocanın qətlə yetirildiyini, 487 dinc sakinin ağır yaralandığını, 1275 nəfərin girov götürülərək işgəncələrə məruz qalıb. Xocalı faciəsinin Azərbaycan xalqının tarixində ən dəhşətli hadisə, bəşəriyyətə qarşı yönəlmiş mənfur cinayətdir. Xocalı soyqırımının daha geniş miqyasda tanıdılmasının hər bir azərbaycanlının müqəddəs borcudur".