Türkiyənin Vyana səfiri Ozan Ceyhun Avstriyadan zəlzələ bölgəsinə gedən və 4 nəfərin həyatını xilas edən ikinci axtarış-xilasetmə qrupuna kömək və dəstəyə görə təşəkkür sənədi təqdim edib.

Qht.az xəbər verir ki, Avstriyadan zəlzələ bölgəsinə 32 nəfərlik heyətlə yollanan qısa adları SARUV və SA-RRT olan mülki axtarış-xilasetmə bölməsinin 7 üzvü üçün Türkiyənin Vyana səfirliyində “təşəkkür proqramı” təşkil edilib.

Səfir Ozan Ceyhun buradakı çıxışında dağıntılar altından 4 Türkiyə vətəndaşının xilas edilməsinə görə komandaya təşəkkür edib.

Vorarlberq, Salzburq və Vyana şəhərlərindən zəlzələ bölgəsinə gedən Ceyhun, axtarış-xilasetmə işlərini həyata keçirən qruplara nə qədər təşəkkür edilsə də, bunun kifayət etməyəcəyini bildirib.

Ceyhun bildirib ki, “vəfa” və “dost” sözlərinin alman dilində dəqiq qarşılığı yoxdur.

O, Avstriya Silahlı Qüvvələrinin axtarış-xilasetmə bölməsinin həm 84 nəfərinin, həm də 32 nəfərdən ibarət ikinci qrupun nümayəndələrinin “Türkiyənin dostu” olduğunu bəyan edib.

"Siz bizim dostlarımızsınız və sizə sədaqət borcumuz var. Xalqımızı xilas etdiniz, biz bunu həyatımızın sonuna qədər unutmayacağıq." - deyə Ceyhun qeyd edib.

Zəlzələ bölgəsinə dəstəyini əsirgəməyən əyalət idarəçiləri, xüsusilə Avstriya Federal Hökuməti, Qırmızı Xaç kimi qeyri-hökumət təşkilatlarına təşəkkür etdi.

Daha sonra axtarış-xilasetmə qrupunun 4 nümayəndəsi zəlzələ bölgəsində təcrübələrini bölüşüblər.

Axtarış-xilasetmə qrupundan Anna Qrabner-Strobach türk xalqının qonaqpərvərliyindən və həmrəyliyindən çox təsirləndiyini bildirib.

“Türk xalqının fövqəladə dəstəyi və beynəlxalq qurumlar və Türkiyə təhlükəsizlik qüvvələri ilə mükəmməl əməkdaşlığımız sayəsində insanların xilas olmasını təmin edə bildik” - deyib.

Silvia Zötsch getdikləri yerdə çox yaxşı qarşılandıqlarını, türk xalqının göstərdiyi marağın ona təsir etdiyini bildirib.

“Bizim heç vaxt təhlükəsizlik problemimiz olmayıb, özümüzü həmişə təhlükəsiz hiss edirik" - deyib.

Çıxışlardan sonra səfir Ceyhun axtarış-xilasetmə əməkdaşlarına müxtəlif hədiyyələr və təşəkkürnamələr təqdim edib.