Avropanın müxtəlif ölkələrindən olan vətəndaş cəmiyyəti təşkilatları Avropa İttifaqını növbəti büdcə planlamasında QHT-lərin maliyyələşdirilməsinə daha çox diqqət ayırmağa çağırıblar.

QHT.az xarici mediaya istinadən bildirir ki, təşkilatların birgə müraciətində qeyd olunur ki, son illərdə artan sosial, iqtisadi və ekoloji çağırışlar fonunda vətəndaş cəmiyyətinin rolu daha da əhəmiyyətli olub. Onların fikrincə, demokratik dəyərlərin qorunması, insan hüquqlarının müdafiəsi və ictimai iştirakın təşviqi üçün QHT-lərin dayanıqlı maliyyə resurslarına çıxışı vacibdir.

Müraciətdə vurğulanır ki, bir çox təşkilatlar maliyyə çətinlikləri səbəbindən fəaliyyətlərini məhdudlaşdırmaq məcburiyyətində qalır. Bu isə vətəndaşların maraqlarının müdafiəsinə və ictimai nəzarət mexanizmlərinə mənfi təsir göstərə bilər.

QHT nümayəndələri Avropa liderlərini vətəndaş cəmiyyətinin gücləndirilməsini strateji prioritetlərdən biri kimi nəzərdən keçirməyə və bu sahəyə ayrılan vəsaitin artırılmasını təmin etməyə çağırıblar.

Piranə Xasiyeva