Azərbaycanda son dövrlərdə baş verən yol-nəqliyyat hadisələri və xüsusilə ölümlə nəticələnən qəzaların sayının artması cəmiyyətdə narahatlıq doğurur. Mütəxəssislər hesab edirlər ki, əsas problem qəzaların sayından daha çox onların ağır nəticələrə səbəb olmasıdır.

Bu barədə nəqliyyat eksperti Yasin Mustafayev QHT.az-a açıqlamasında bildirib.

Ekspertin sözlərinə görə, dünya təcrübəsi ilə müqayisədə Azərbaycanda əhalinin sayına nisbətdə yol qəzalarının sayı o qədər də yüksək olmasa da, ölüm göstəricilərinin çoxluğu diqqət çəkən əsas məqamlardan biridir.

“Qəzalar dünyanın hər yerində baş verir. Statistikaya baxsaq, əhali sayına görə qəzaların sayı bizdə o qədər də çox deyil. Ancaq ölüm hallarının çoxluğu ciddi narahatlıq yaradır və bu, həyəcan təbili çalmağa əsas verir”, – deyə o qeyd edib.

Y.Mustafayev bildirib ki, ölümlə nəticələnən qəzaların böyük hissəsi sürət həddinin aşılması ilə bağlıdır. Onun sözlərinə görə, xüsusilə sürətli hərəkət üçün nəzərdə tutulmuş yollarda sürücülərin müəyyən edilmiş sürət limitlərini aşması ağır nəticələrə gətirib çıxarır.

Ekspert piyadaların vurulması ilə bağlı hadisələrin də ölüm statistikasında mühüm yer tutduğunu vurğulayıb:

“Piyadalar yol hərəkətinin ən zəif iştirakçılarıdır. Nəqliyyat vasitəsi ilə toqquşma zamanı, xüsusilə sürət yüksək olduqda ölüm hadisəsi demək olar ki, qaçılmaz olur”.

Y.Mustafayev yol hərəkəti qaydalarına əməl olunmasının vacibliyini xatırladaraq bildirib ki, tətbiq edilən cərimələr və bal sistemi sürücüləri daha məsuliyyətli davranmağa təşviq etmək məqsədi daşıyır.

“Yol hərəkəti qaydaları qanla yazılıb. Buna görə də qaydalara maksimum dərəcədə əməl etmək lazımdır. Son illərdə cərimələrin artırılması, bal sisteminin tətbiqi kimi tədbirlər də məhz qəzaların qarşısının alınmasına yönəlib”, – ekspert əlavə edib.

Onun fikrincə, maarifləndirmə işlərinin gücləndirilməsi də mühüm əhəmiyyət daşıyır. Xüsusilə sosial çarxlar və maarifləndirici kampaniyalar vasitəsilə insanların ailə dəyərlərinə və emosional həssaslıqlarına təsir göstərmək, onları qaydalara əməl etməyə təşviq etmək mümkündür.

Ekspert yol infrastrukturunda mövcud olan bəzi problemlərin də qəzalara təsir etdiyini bildirib. Onun sözlərinə görə, bəzi ərazilərdə yol nişanlarının çatışmazlığı, üfüqi nişanlamalardakı uyğunsuzluqlar və döngələrdə xəbərdarlıq nişanlarının olmaması sürücülər üçün əlavə risk yaradır.

Y.Mustafayev hesab edir ki, həm sürücülərin məsuliyyətinin artırılması, həm də yol infrastrukturunun təkmilləşdirilməsi yol-nəqliyyat hadisələrinin və ölüm hallarının azalmasına töhfə verə bilər.

Zəhra Ağayeva