ABŞ-ın texnologiya nəhəngi Meta Platforms sosial media məhsullarının uşaqlara vurduğu zərərlərlə bağlı iddialardan hüquqi müdafiə əldə etmək üçün Konqresdə lobbiçilik fəaliyyəti aparır. Bu barədə Reuters agentliyi məlumat yayıb.
QHT.az xarici mediaya istinadən xəbər verir ki, məlumata görə, şirkət ABŞ Senatında müzakirə olunan “Uşaqların Onlayn Təhlükəsizliyi Aktı”na (KOSA) xüsusi müddəanın daxil edilməsini dəstəkləyir. Həmin müddəa qəbul edilərsə, Meta və digər onlayn platformalar uşaqlara vurulan zərərlərlə bağlı bir sıra məhkəmə iddialarından qoruna bilər.
Hazırda Meta “Instagram” platformasının yeniyetmələrin psixi sağlamlığına mənfi təsir göstərdiyi iddiaları ilə əlaqədar minlərlə məhkəmə işi ilə üz-üzədir. Şirkətə qarşı iddialar əsasən gənc istifadəçilər və onların ailələri tərəfindən qaldırılıb.
Reuters-in əldə etdiyi məlumatlara əsasən, qanun layihəsinə əlavə ediləcək hüquqi müdafiə mexanizmi qüvvəyə minərsə, bu, Meta və digər texnologiya şirkətlərinə qarşı davam edən minlərlə məhkəmə işinin taleyinə təsir göstərə bilər.
Qeyd edək ki, bu ilin əvvəlində Meta və YouTube uşaqlara zərər vurulması ilə bağlı keçirilən ilk məhkəmə prosesində uduzub. Məhkəmə qərarına əsasən, hər iki şirkət ümumilikdə 6 milyon dollar məbləğində təzminat ödəməyə məhkum edilib.
KOSA qanun layihəsi onlayn platformaların uşaqlara zərər verə biləcək funksiyalarla bağlı daha diqqətli davranmasını tələb etməyi hədəfləyir. Bununla yanaşı, qanun layihəsinə hüquqi toxunulmazlıqla bağlı müddəanın əlavə olunması ictimai müzakirələrə səbəb olub.






