Martın 14-də Milli Məclisin Səhiyyə Komitəsində Ümumdünya Vərəmlə Mübarizə Gününə həsr olunmuş ictimai dinləmə keçirilib.
İctimai dinləmələr haqqında QHT.az saytına məlumat verən Vərəm əleyhinə QHT Koalisiyasının rəhbəri, “Sağlamlığa Xidmət” ictimai birliyinin sədri Elçin Muxtarlı qeyd edib ki, tədbirdə iştirak edən Millət vəkilləri, Ümumdünya Səhiyyə Təşkilatının Azərbaycandakı nümayəndəsi Hande Harmancı, Azərbaycan Vərəm əleyhinə QHT Koalisiyasının üzvləri, Milli vərəm proqramının məsul əməkdaşları vərəmin dünyada və eləcədə ölkəmizdə olduqca aktual bir problem olduğunu vurğulayıblar.
İclasda Vərəm əleyhinə QHT Koalisiyasının rəhbəri kimi çıxış edən Elçin Muxtarlı qeyd edib ki, vərəm sosial mənşəli bir bəladır. "Bu gün rayonlarda vərəm xəstəliyindən əziyyət çəkən bir çox ailələr var. Hətta elə ailələrə rast gəlirik ki, ailənin 4 üzvündən 3-ü vərəmdən dünyasını dəyişib" – deyə E. Muxtarlı qeyd edib.
Ümumdünya Səhiyyə Təşkilatının Azərbaycandakı nümayəndəsi Hande Harmancı qeyd edib ki, Azərbaycanda "Vərəmlə mübarizə haqqında" Qanun 2001-ci ildə qəbul edilib, bu sənədə yenidən baxılmalıdır.
İclasda çıxış edən Milli Məclisin deputatı, Azərbaycan vətəndaş cəmiyyətinə daim dəstək olan, xanım Qənirə Paşayeva bu xəstəliyin kökünün kəsilməsi üçün bölgələrdə maarifləndirmə işlərinin aparılmasının vacibliyi vurğulayıb. O həmçinin bu işdə QHT-lərin rolunun çox əhəmiyyətli olduğunu qeyd edib.
Sağlamlığa Xidmət ictimai birliyi












