Payızlıq taxılların vaxtında səpilməsi gələcək məhsuldarlıq üçün kritik əhəmiyyətə malikdir. Səpinin vaxtında aparılması qışdan əvvəl bitkilərin optimal inkişafını təmin edir, həddindən artıq böyümənin və ya zəif inkişafın qarşısını alır. Toxum vaxtında səpildikdə bitkilərin yaxşı kök sistemi əmələ gətirir, kollanır və 3-4 gövdə əmələ gətirirlər. Bunun nəticəsində bitkilərin soyuğa və xəstəliklərə davamlığı artır. Vaxtından əvvəl səpin apardıqda həddindən çox gövdə əmələ gəlir ki, nəticədə bitkilərin şaxtaya, zərərverici və xəstəliklərə dözümlüyü azalır ki, bu da qışı çətin keçirməyə səbəb olur. Səpini gec apardıqda bitkilərin orqanizmi möhkənlənməyə imkan tapmır, köklər zəif olur, zəif olduqları üçün normal qidalanmanı təmin edə bilmir və bitkilər ya çox zəif inkişaf edir və ya məhv olurlar. Səpinin optimal müddətini müəyyən etmək üçün havanın temperaturu, torpağın nəmliyi, sortun bioloji xüsusiyyətləri kimi amillər nəzərə alınmalıdır. Səpin aparmaq üçün havanın temperaturu 15-18oC, torpaq kifayət qədər nəm olmalıdır. Eyni zamanda səpiləcək sortun günün uzunluğuna olan tələbatı da nəzərə alınmalıdır. Son illər daha şox istifadə olunan intensiv sortlar səpinin daha qısa müddətdə aparılmasını tələb edir. Səpin müddəti gecikirsə səpin norması 10-20% artırılmalı, toxumun səpin dərinliyi azaldılmalıdır.
Azərbaycanın müxtəlif bölgələri müxtəlif iqlim şəraitinə malikdirlər. Bu səbəbdən bölgələr üzrə səpin müddətləri bir-birindən fərqlənir. Çünki payızlıq taxılların səpin müddəti regionun iqliminə, torpağın vəziyyətinə və sortun xüsusiyyətlərinə görə dəyişir. Ümumi qaydalar belədir ki, toxumların cücərib payızda normal inkişaf etməsi təmin edilməli, amma həddindən artıq böyüməsinə yol verilməməlidir. Bitki qışlamaya 3–4 kiçik gövdə mərhələsində, yaxşı kök sistemi ilə girməlidir.
Optimal səpin müddəti Azərbaycanın aran və düzənlik zonaları üçün sentyabrın ikinci yarısı – oktyabrın əvvəlinə qədər, dağətəyi və dağlıq zonalarda – sentyabrın əvvəllərindən ortalarınadək təşkil edir.












