Bugünlərdə sosial şəbəkələrdə loqopedin nitq qüsurlu azyaşlı ilə kobud rəftarı bu sahədə mövcud olan nöqsan və boşluqları gündəmə gətirdi. Heç şübhəsiz ki, loqopedin uşaqlarla bu cür davranışı qeyri-peşəkarlıqdır. Belə davranış uşaqların emosional vəziyyətinə mənfi təsir edir. Bu, əslində uşaq üçün müalicə yox, ciddi travmadır. Ona görə də fiziki qüsurlu, xüsusən nitq çətinliyi olan uşaqlarla işləyən loqopedlər səbirli və təmkinli olmalıdır. Onlar qarşısındakı belə poblemli uşaqlara həssaslıqla, anlayışla yanaşmalıdırlar.
Həssas uşaqlarla işləmək üçün uyğun metodlar tətbiq edilməlidir. Loqopedlərin öz təcrübələrində etik standartlara riayət etməsi isə şərtdir. Müalicə planlarında uşaq hüquqlarına hörmət edilməlidir. Adətən nitqin ləngiməsi zamanı uşaqlarda əsəbilik halları müşahidə edilir. Danışa bilməmək uşaqlarda özgüvən hissini azaldır, bu da özünü davranış problemlərində göstərir. Uşaqları belə müalicəyə həvəsləndirmək, özünə inam yaratmaq əvəzinə, kobudluq, zorakılıq qəbuledilməzdir. Müvəffəqiyyətli terapiya üçün mütəxəssislə uşaq arasında yaxşı münasibət və uyğunluq olmalıdır. Loqopedlər terapiyanın ümumi effektivliyini artırmaq üçün uşaqlarla aydın ünsiyyət qurmalıdır. Nitq qüsurlu uşaqların müalicəsi vaxtı onların əhval-ruhiyyəsi nəzərə alınmalıdır. Hətta vəziyyətdən asılı olaraq lazım gəldikdə seansın vaxtını tənzimləmək olar. Ümumiyyətlə, fiziki qüsurlu uşaqların müalicəsi üçün loqopedlərin seçilməsi uşağın inkişafına əhəmiyyətli dərəcədə təsir göstərə biləcək mühüm qərardır. Ona görə də, valideynlərin belə mütəxəssislərə müraciət etməzdən əvvəl nəzərə almalı olduğu amillər var. İlk növbədə övladının müalicəsini loqoped və psixoloqa etibar edərkən həmin mütəxəssislərin müvafiq təhsil səviyyəsinə, sertifikatlara və lisenziyalara malik olduğundan əmin olmalıdır. Sahə üzrə təcrübə isə çox önəmlidir.
Bu gün aktual olan digər məsələ loqopedlərin müalicə qiymətlərinin heç də ucuz olmamasıdır ki, bu da həmin seanslara əlçanlığı azaldır. Onu da deyim ki, nitq qüsurlu uşaqların müalicəsində effektiv nəticə əldə etmək üçün müntəzəm terapiya seansları olmalıdır. Bu isə valideynlər üçün ciddi maliyyə “yükü”dür.
Üstəlik, son vaxtlar loqopedlərə müraciətlərin sayının artması fonunda bir sıra hallarda müsbət nəticələrin alınmaması, nitq ləngimələrinin aradan qalxmaması valideynlərin narazılığına səbəb olur. Loqopedlər valideynlərə uşaqlarının dilindəki qüsurların qısa vaxtda aradan qalxacağına söz versələr də, buna nail ola bilmirlər. Bu halda təbii ki, loqopedlər psixoloq və nevroloqlarla paralel işləməlidir. Bəzən digər ixtisas sahiblərinin loqoped kimi fəaliyyət göstərməsi hallarına da rast gəlinir ki, bu da qeyri-peşəkarların sayının artdığını göstərir.
Bu sahədə yaşanan narazılıqlar, xaotik vəziyyət müvafiq qurumların sektora nəzarət tədbirlərini gücləndirməsini tələb edir. Ümumiyyətlə, bu istiqamətdə fəaliyyət göstərən mütəxəssislər hüquqi olaraq yoxlanılmalıdır. Qeyri-peşəkar, sənədsiz, təsadüfi loqopedlər sektordan uzaqlaşdırılmalıdır.












