"Bəzən gündəlik həyatın içində uşaqların uşaqlığını necə itirdiyini görürük: restoranlarda ağır qablar daşıyan, küçələrdə ailəsinə kömək etmək üçün çalışan, nəqliyyatda pul yığan balaca əllər… Biz bunu bəzən adi mənzərə kimi qəbul edirik. Amma hər belə görüntünün arxasında yaşından tez böyüməyə məcbur qalan bir uşaq ola bilər".

Bu sözləri  “Qadın Təşəbbüsü və Sosial Problemlərin Həllinə Yardım” İctimai Birliyinin Psixoloqu Samirə İsmayılova QHT.az-a açıqlamasında deyib. 

O bildirib ki, uşağın erkən əmək mühitinə daxil olması onun yalnız vaxtını almır; oyununu, öyrənməsini, özünü tanımasını və təhlükəsiz inkişafını da məhdudlaşdıra bilər. Belə uşaqlar bəzən yorğunluqlarını sözlə demirlər, amma davranışlarında daşıyırlar: tez əsəbiləşmə, susqunluq, özünəqapanma, gələcəklə bağlı ümidsizlik hissi yarana bilər.

Samirə İsmayılova qeyd edib ki, bu günün əsas mesajı budur: uşaq ailəyə dəstək ola bilər, amma öz uşaqlığını itirmək bahasına yox. Çünki cəmiyyətin ən böyük sərvəti işləyən uşaq deyil, sağlam düşüncəli, güvənli və xoşbəxt böyüyən insandır.

Piranə Xasiyeva