"Azərbaycan Respublikasında insan hüquqlarının qorunması istiqamətində mühüm hüquqi baza formalaşdırılıb. 1998-ci ildə qəbul edilmiş Dövlət Proqramı, Konstitusiyada təsbit olunmuş fundamental hüquq və azadlıqlar, habelə Ombudsman institutunun fəaliyyəti bu sahədə atılmış əhəmiyyətli addımlardır".
Bu fikirləri vəkil Arslan Mikayılov 18 iyun Milli İnsan Hüquqları Günü barədə QHT.az-a verdiyi açıqlamasında bildirib.
A.Mikayılovun sözlərinə görə, insan hüquqlarının müdafiəsi davamlı prosesdir və cəmiyyət inkişaf etdikcə yeni çağırışlar ortaya çıxır: "Eyni zamanda, insan hüquqlarının müdafiəsi davamlı prosesdir və cəmiyyət inkişaf etdikcə yeni çağırışlar ortaya çıxır. Buna görə də qanunvericiliyin təkmilləşdirilməsi, məhkəmələrin müstəqilliyinin gücləndirilməsi, vətəndaşların hüquqlarının effektiv müdafiəsi mexanizmlərinin inkişaf etdirilməsi daim diqqət mərkəzində olmalıdır".
Arslan Mikayılov bildirib ki, hüquqi maarifləndirmənin gücləndirilməsi cəmiyyətdə hüquq mədəniyyətinin formalaşdırılması baxımından mühüm əhəmiyyət daşıyır.
Vəkil vurğulayıb ki, praktik fəaliyyət zamanı insanların bir çox hallarda öz hüquq və vəzifələrini tam bilmədiyi müşahidə olunur: "Praktik fəaliyyətimdə də müşahidə edirəm ki, bir çox insanlar öz hüquq və vəzifələrini tam şəkildə bilmirlər. Bu isə onların qanunla təmin edilmiş imkanlardan istifadə etməsinə və ya hüquqlarının pozulması hallarında düzgün müdafiə üsulu seçməsinə mane olur".
A.Mikayılovun sözlərinə görə, hüquqi maarifləndirmənin genişləndirilməsi üçün təhsil, media və hüquqi yardım mexanizmləri daha da inkişaf etdirilməlidir: "Hüquqi maarifləndirmənin gücləndirilməsi üçün məktəblərdə və ali təhsil müəssisələrində hüquqi biliklərin tədrisinə daha geniş yer verilməli; televiziya, radio və sosial media vasitəsilə sadə dildə hüquqi maarifləndirici layihələr artırılmalı; regionlarda və kənd yerlərində əhali üçün pulsuz hüquqi məsləhət və maarifləndirmə tədbirləri təşkil edilməli; dövlət qurumları, vəkillər və vətəndaş cəmiyyəti institutları arasında əməkdaşlıq genişləndirilməlidir".
Arslan Mikayılov bildirib ki, mövcud tədbirlər müəyyən nəticələr versə də, hüquqi maarifləndirmənin daha geniş auditoriyanı əhatə etməsinə ehtiyac qalır: "Mövcud tədbirlər müəyyən nəticələr versə də, hüquqi maarifləndirmənin daha geniş auditoriyanı əhatə etməsi və xüsusilə gənclər arasında hüquq mədəniyyətinin formalaşdırılması istiqamətində əlavə işlərə ehtiyac qalmaqdadır".
Vəkil vurğulayıb ki, hüquqlarını bilən vətəndaş həm öz maraqlarını daha yaxşı qoruyur, həm də hüquqi dövlətin inkişafına töhfə verir: "Hüquqlarını bilən vətəndaş həm öz maraqlarını daha effektiv müdafiə edir, həm də hüquqi dövlətin inkişafına töhfə verir".
A.Mikayılovun sözlərinə görə, Azərbaycan Respublikasının Vəkillər Kollegiyasının üzvü kimi vəkillərin insan hüquqlarının qorunmasındakı rolunu xüsusi qeyd etmək lazımdır: "Həmçinin, Azərbaycan Respublikasının Vəkillər Kollegiyasının üzvü olaraq onu da qeyd edə bilərəm ki, vəkillərin insan hüquqlarının qorunmasında rolu xüsusi əhəmiyyət daşıyır".
Arslan Mikayılov bildirib ki, vəkil yalnız hüquqi xidmət göstərən şəxs deyil, həm də vətəndaşların hüquq və azadlıqlarının müdafiəsini təmin edən əsas institutlardan biridir.
Vəkil vurğulayıb ki, insan hüquqlarının müdafiəsində vəkillərin əsas rolu şəxslərin ədalətli məhkəmə araşdırması hüququnun təmin edilməsində özünü göstərir: "İnsan hüquqlarının müdafiəsində vəkillərin rolu ilk növbədə şəxslərin ədalətli məhkəmə araşdırması hüququnun təmin edilməsində özünü göstərir. Vəkil hüquqları pozulmuş şəxslərə hüquqi yardım göstərir, onların məhkəmələrdə və digər dövlət orqanları qarşısında maraqlarını müdafiə edir, qanunsuz müdaxilələrin qarşısının alınmasına çalışır".
A.Mikayılovun sözlərinə görə, xüsusilə cinayət mühakimə icraatında peşəkar və müstəqil vəkil fəaliyyəti müdafiə hüququnun effektiv həyata keçirilməsi üçün mühüm amildir: "Xüsusilə cinayət mühakimə icraatında müdafiə hüququnun effektiv həyata keçirilməsi peşəkar və müstəqil vəkil fəaliyyətindən birbaşa asılıdır. Vəkillər həmçinin həssas qrupların, o cümlədən uşaqların, qadınların, əlilliyi olan şəxslərin və sosial cəhətdən həssas vətəndaşların hüquqlarının müdafiəsində mühüm rol oynayırlar".
Arslan Mikayılov bildirib ki, vəkillər hüquqi maarifləndirmə sahəsində də mühüm fəaliyyət göstərərək vətəndaşların hüquqi biliklərinin artırılmasına töhfə verirlər: "Bununla yanaşı, vəkillər hüquqi maarifləndirmə işində də iştirak edərək vətəndaşların öz hüquq və vəzifələri barədə məlumatlılığının artırılmasına töhfə verirlər".
Vəkil vurğulayıb ki, hüquqi dövlətin və qanunun aliliyinin möhkəmləndirilməsi üçün güclü və müstəqil vəkillik institutu zəruri şərtlərdən biridir.
A.Mikayılovun sözlərinə görə, vəkillərin fəaliyyəti yalnız ayrı-ayrı şəxslərin hüquqlarının müdafiəsi ilə məhdudlaşmır: "Bu baxımdan, vəkillərin fəaliyyəti yalnız ayrı-ayrı şəxslərin hüquqlarının müdafiəsinə deyil, bütövlükdə cəmiyyətdə insan hüquqlarına hörmət mədəniyyətinin formalaşmasına xidmət edir".






