Bu gün qeyd olunan Ümumdünya Səhralaşma və Quraqlıqla Mübarizə Günü Azərbaycanda da torpaq və su ehtiyatlarının qorunmasının vacibliyini bir daha gündəmə gətirir.

“Səma və Eko” Sosial-İqtisadi İnkişafa Yardım İctimai Birliyinin sədri İradə Həsənova QHT.az-a açıqlamasında bildirib ki, iqlim dəyişiklikləri, temperaturun yüksəlməsi və su ehtiyatlarına artan təzyiqlər ölkədə səhralaşma və torpaq deqradasiyası risklərini artıran əsas amillərdəndir.

Onun sözlərinə görə, Azərbaycanın əhəmiyyətli hissəsinin quraq və yarımsəhra iqlim qurşağında yerləşməsi torpaqları iqlim dəyişikliklərinə qarşı daha həssas edir. Son illərdə müşahidə olunan isti hava dalğaları, yağıntıların qeyri-bərabər paylanması, quraqlıq dövrlərinin uzanması və su ehtiyatlarının azalması bəzi bölgələrdə torpaqların məhsuldarlığının aşağı düşməsinə səbəb olur.

İradə Səma qeyd edib ki, həddindən artıq otarılma, meşə sahələrinin azalması, torpaqlardan qeyri-səmərəli istifadə və eroziya prosesləri də torpaq deqradasiyasını sürətləndirən amillər sırasındadır.

Ekoloq vurğulayıb ki, səhralaşmanın təsirləri yalnız kənd təsərrüfatı ilə məhdudlaşmır. Bu proses biomüxtəlifliyə, su ehtiyatlarına və insanların sosial rifahına da mənfi təsir göstərir. Torpağın münbitliyinin azalması kənd təsərrüfatı məhsuldarlığını aşağı salır və ərzaq təhlükəsizliyi üçün əlavə risklər yaradır.

Mütəxəssis problemin qarşısının alınması üçün meşə və yaşıllıq sahələrinin genişləndirilməsinin, eroziyaya qarşı mühafizə tədbirlərinin gücləndirilməsinin, su ehtiyatlarından qənaətli istifadənin, müasir suvarma sistemlərinin tətbiqinin, otlaq sahələrinin düzgün idarə olunmasının və deqradasiyaya uğramış torpaqların bərpasının vacibliyini qeyd edib.

İradə Səma əlavə edib ki, ekoloji maarifləndirmənin gücləndirilməsi, ictimai iştirakçılığın artırılması və iqlim dəyişikliklərinə uyğunlaşma proqramlarının genişləndirilməsi də bu istiqamətdə mühüm rol oynayır.

Onun sözlərinə görə, Azərbaycan son illərdə yaşıllaşdırma layihələri, ağacəkmə kampaniyaları və müxtəlif ekoloji proqramlar vasitəsilə mühüm addımlar atsa da, iqlim dəyişikliklərinin təsirlərinin daha da güclənəcəyi nəzərə alınaraq torpaq və su ehtiyatlarının qorunması gələcək dövrdə əsas prioritetlərdən biri olaraq qalmalıdır.

Ekoloq hesab edir ki, səhralaşma ilə mübarizə yalnız ekoloji məsələ deyil, həm də iqtisadi inkişafın, ərzaq təhlükəsizliyinin və gələcək nəsillərin rifahının təmin olunmasının vacib şərtidir.