Bakı şəhərində fəaliyyət göstərən Günərzi “İşıqlı Ev” Küçədə İşləyən və Yaşayan Uşaqlar üçün Mərkəz 2002-ci ildən etibarən küçə həyatı yaşayan və işləyən uşaqların sosial-psixoloji reabilitasiyası istiqamətində fəaliyyətini davam etdirir.

Bu barədə “Qadın və Müasir Dünya” Sosial Xeyriyyə Mərkəzinin rəhbəri Südabə Şirəliyeva QHT.az-a açıqlamasında məlumat verib.

Onun sözlərinə görə, mərkəzin fəaliyyət göstərdiyi müddət ərzində 5 mindən çox uşaq müxtəlif reabilitasiya proqramlarına cəlb olunub.

“Hazırda mərkəzimizə hər gün orta hesabla 20-25 uşaq müraciət edir. Onların cəmiyyətə inteqrasiyası üçün müxtəlif sosial, psixoloji və idman proqramları həyata keçirir, maarifləndirici tədbirlər təşkil edirik”, – deyə o bildirib.

Südabə Şirəliyeva qeyd edib ki, fəaliyyət dövründə 300-dən çox məktəbli yenidən təhsil aldıqları məktəblərə qaytarılıb, 100-dən artıq uşağın isə “Doğum haqqında şəhadətnamə” əldə etməsinə dəstək göstərilib.

Mərkəz rəhbərinin sözlərinə görə, risk qrupuna daxil olan uşaqların təhsillərini davam etdirmələri və ali təhsil müəssisələrinə hazırlaşmaları üçün də şərait yaradılır.

“Onların təhsil aldıqları müddətdə ehtiyacları diqqət mərkəzində saxlanılır. Məqsədimiz uşaqların cəmiyyətə faydalı fərdlər kimi formalaşmasına dəstək olmaqdır”, – deyə o vurğulayıb.

Südabə Şirəliyeva bildirib ki, son illər ailə qayğısından və valideyn himayəsindən məhrum olan uşaqların sayı artmaqdadır. Onun sözlərinə görə, küçələrdə yaşayan uşaqların əksəriyyətinin nə daimi yaşayış yeri, nə maddi imkanı, nə də şəxsiyyətini təsdiq edən sənədləri var.

“Baxımsız uşaqlar ətrafdakı insanların qayğısına, anlayışına və mərhəmətinə ehtiyac duyurlar. Sosial reabilitasiya onların cəmiyyətə yenidən qazandırılması, özünəinam hissinin bərpası və şəxsiyyət kimi tanınması deməkdir”, – deyə mərkəz rəhbəri əlavə edib.

O qeyd edib ki, Günərzi “İşıqlı Ev” Mərkəzi bütün şirkət və təşkilatlarla əməkdaşlığa açıqdır və bu istiqamətdə daxil olan təklifləri müzakirə etməyə hazırdır.

Mərkəz rəhbərinin sözlərinə görə, qurumun daimi maliyyə mənbəyi yoxdur və fəaliyyət əsasən könüllülərin dəstəyi, eləcə də daxili resurslar hesabına həyata keçirilir.

Zəhra Ağayeva