ABŞ Beynəlxalq İnkişaf Agentliyi (USAID) Belçikadakı anbarda saxlanılan ailə planlaşdırılması məhsulları ilə bağlı qərar vermədiyi üçün əlavə xərclərlə üzləşir. Agentlik hər ay bu məhsulların saxlanmasına görə 24 min dollardan çox vəsait ödəyir.
QHT.az xarici mediaya istinadən bildirir ki, ABŞ hökumətinin nəzarət qurumu olan Baş Müfəttişlik Ofisinin məlumatına görə, USAID artıq bir ildən çoxdur anbarda qalan kontraseptivlər və digər ailə planlaşdırılması vasitələrinin saxlanmasına görə 360 min dollardan artıq xərc çəkib.
Məhsullar 2025-ci ilin yanvarından ABŞ administrasiyasının xarici yardım proqramlarını dayandırmasından sonra Belçikadakı anbarda saxlanılır. Daha sonra USAID bu məhsulların alınması ilə bağlı müqaviləni ləğv edib və ümumi dəyəri 9,7 milyon dollar olan malların məhv edilməsi barədə göstəriş verib.
Lakin yekun qərarın gecikməsi səbəbindən məhsullar hələ də anbarda qalır və əlavə maliyyə xərcləri yaranır. Baş Müfəttişlik Ofisi USAID-i malların taleyi ilə bağlı tezliklə qərar verməyə çağırıb.






