Bəzən səhərlər oyandığımızda bədənimiz yox, ruhumuz yorğun olur. İşə, insanlara, gündəlik məsuliyyətlərə baxırıq və içimizdəki motivasiya sanki dumana dönüb itir. Bu hiss tanış gəlirsə, ola bilsin ki, emosional yanma sindromu ilə tanışsınız. Amma narahat olmayın – bu sindromla mübarizə mümkündür.

Emosional Yanma Nədir?

Emosional yanma sindromu ilk dəfə olaraq 1970-ci illərdə psixoloq Herbert Freudenberger tərəfindən işlənmişdir. Bu sindrom – uzunmüddətli stress, emosional yüklənmə və təzyiq nəticəsində insanın psixoloji və fiziki olaraq tükənməsi halıdır.

Ən çox sosial sahədə işləyən insanlarda – müəllimlər, psixoloqlar, həkimlər, jurnalistlər, sosial işçilərdə müşahidə olunsa da, son dövrlər hər peşə sahəsində və hətta evdar qadınlarda belə rast gəlinir.
Nə Zaman Bir Yorğunluq Yanmağa Çevrilir?
Adi yorğunluq yatmaqla keçir. Amma emosional yanma fərqlidir – yatdıqca belə bədəniniz dincəlmir, iç səsiniz susmur, insanlarla ünsiyyət sizə daha çox ağırlıq gətirir.
Əsas əlamətlər:
    •    Daimi yorğunluq və enerjisizlik
    •    İşə və insanlara qarşı biganəlik
    •    Qıcıqlanma, aqressiya və səbəbsiz göz yaşları
    •    Özünü dəyərsiz hiss etmək
    •    Hətta sevdiyiniz işlərdən belə zövq ala bilməmək

Bir sözlə, sanki emosiyalarınızın batareyası bitib və siz bunu doldurmağın yolunu unutmusanız.

Niyə yanarıq?

Bu sindromun bir çox səbəbi var, amma əsas qaynağı – özümüzü, duyğularımızı və ehtiyaclarımızı uzun müddət görməməzliyə vurmağımızdır.
    •    Həddən artıq məsuliyyət daşımaq
    •    “Hə” demək xəstəliyi – yəni hamıya və hər şeyə razı olmaq
    •    Daim başqalarını düşünmək, özünü axıra saxlamaq
    •    Emosiyaları içində boğmaq və “güclü olmalıyam” düşüncəsi

Unutmayın, emosional tükənmə zəiflik deyil. Bu, sizin artıq özünüzə dönməyə ehtiyac duyduğunuzun xəbərçisidir.

Necə qurtulaq?

Emosional yanmadan çıxış tək bir düymə ilə olmur. Amma bəzi addımlar var ki, sizi yenidən həyatla barışdıra bilər:
    1.    Durun və özünüzü dinləyin – Həyatınızda nə sizi boğur, nə sizi tükəndirir? Bu suallara cavab axtarın.
    2.    Hər şeyə cavabdeh deyilsiniz – Hər problemi siz həll etməlisiniz deyə bir qanun yoxdur.
    3.    Emosional sərhədlər çəkin – Öz vaxtınıza, rahatlığınıza “toxunulmaz zona” yaradın.
    4.    Yardım almaqdan çəkinməyin – Psixoloqla danışmaq zəiflik deyil, əksinə, güclü bir başlanğıcdır.
    5.    Kiçik sevinc anlarını unutmayın – Gündəlik həyatınıza qısa nəfəs fasilələri – musiqi, gəzinti, kitab, sevdiyiniz insanla söhbət kimi sadə anlar əlavə edin.

Emosional yanma, ruhun “məni unutdun” deyə səssiz fəryadıdır. O, sizi dayandırmaq üçün gəlmir, özünüzə dönməyiniz üçün gəlir. Vaxtında tanıyıb dəyər versəniz, bu yanma, bir məhv olmaq yox, yenidən doğulmaq ola bilər.

 

Samirə İsmayılova 

“Qadın Təşəbbüsü və Sosial Problemlərin Həllinə Yardım” İctimai Birliyinin Psixoloqu