Azərbaycanın "Konstitusiya" Araşdırmalar Fondunun prezidenti Əliməmməd Nuriyev ABŞ Prezidenti Donald Trampın Prezident İlham Əliyevin çıxışını rəsmi Truth Social hesabında paylaşmasını şərh edərək bunun təsadüfi və sadə bir jest olmadığını vurğulayıb.
QHT.az xəbər verir ki, o, bu addımın post-münaqişə dövründə Azərbaycanın regional liderliyinə və balanslı xarici siyasət kursuna verilmiş şəxsi etimad siqnalı olduğunu bildirib:
"Tramp administrasiyasının “yalnız milli maraqlar naminə diplomatiya” xətti Azərbaycan kimi müstəqil qərar verən dövlətlərlə əməkdaşlıq üçün əlverişli platforma yaradır. İlham Əliyevin çıxışında Trampı “müharibə başlatmayan yeganə prezident” kimi təqdim etməsi bu gün dünyada sülhə susamış siyasi mərkəzlərdə rezonans doğurur".
Əliməmməd Nuriyev həmçinin bildirib ki, ABŞ-Azərbaycan münasibətləri bu platforma üzərində formalaşarsa, bu, Cənubi Qafqazda yeni güc balansının və strateji diaqnozun konturlarını müəyyən edə bilər:
"Xüsusilə enerji təhlükəsizliyi, informasiya suverenliyi və sülh təşəbbüsləri sahəsində əməkdaşlıq spektri genişlənə bilər. Bununla yanaşı, Trampın ritorikası ilə müşayiət olunan siyasi qərarların davamlılığı Azərbaycanın informasiya diplomatiyasına və yumşaq güc siyasətinə xüsusi məsuliyyət yükləyir".
Pərvanə Fərhadqızı






